Qənirə Paşayeva: \"Avropa Parlamentinin bəyanatına sərt mövqe bildirməsək, belə qətnamələr davamlı olacaq\"

\"Azərbaycanın gücü və qüdrəti günü-gündən artır. Avropa Parlamentin bu qətnaməyə imza atmasının arxasında hansısa maraqlar, erməni lobbisi ilə bərabər Azərbaycanın Avropa ilə sıx əməkdaşlıq etməsini istəməyən güclər var. Onlar istəmir ki, Azərbaycan tam inkişaf edərək Avropanın ən güclü dövlətlərindən birinə çevrilsin\". SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin üzvü Qənirə Paşayeva Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnaməyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu qərar qərəzli olduğu qədər də qeyri-səmimidir və ümumilikdə Azərbaycanın ərazi bütövlüyünün əleyhinədir.

\"20 ildir Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunub, burada insanların hüquqları pozulub. Amma onların heç bir hesabatında bu barədə heç nə danışılmayıb. İnsan haqları onları ciddi düşündürürsə, ən çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları pozulub. Amma heç bir hesabatda bu barədə bir cümlə belə qeyd olunmur. Onları Azərbaycanda insan haqları və demokratiya maraqlandırmır. Əsas məqsədləri Azərbaycan zərbə vurmaqdır\",- deyə millət vəkili bildirib. Onun fikrincə, Milli Məclis bununla bağlı bəyanatla çıxış edərək sərt mövqeyini bildirməlidir: \"Belə bəyanatlar olmasa, sərt mövqeyimizi bildirməsək, belə qətnamələr davamlı olacaq. Belə qərarlara sevinən daxili qüvvələlərə də demək istəyirəm ki, bu cür qərarlara sevinmək o güclərin yanında olmaq deməkdir. Onları Azərbaycandakı demokratiya, insan haqları maraqlandırmır. Onlar ancaq Azərbaycanın imicinə, inkişafına necə zərbə vurmaq barədə düşünürlər\".

Bütün xəbərlər Facebook səhifəmizdə