Bakıda qeyri-qanuni tullantı ərazilərinin sayı azalır

Bakıda qeyri-qanuni tullantı ərazilərinin sayı azalır

"Təmiz Şəhər" ASC-nin təşəbbüsü ilə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ilə birgə yaradılmış işçi qrupu paytaxt Bakıda ətraf mühitin mühafizəsini və sanitar təmizliyi təmin etmək məqsədilə şəhər ərazisində mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi üzrə fəaliyyətini davam etdirir.

"Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumata görə, may ayı ərzində işçi qrup tərəfindən paytaxtda mövcud olan qeyri-qanuni tullantı sahələrində mütəmadi olaraq reydlər keçirilib. Ətraf mühiti çirkləndirən şəxslərə və təşkilatlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq protokollar tərtib edilib və icrası məcburi göstərişlər verilib. Bakı şəhərinin ən böyük qeyri-qanuni tullantıxanalarından olan Qaradağ rayonunun Lökbatan qəsəbəsində tullantı sahəsinin fəaliyyəti dayandırılıb, əraziyə atılan bərk məişət tullantılarının Balaxanı şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna daşınması təmin edilib.

Qeyd edək ki, "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli sərəncamına əsasən əmələgəlmə mənbəyindən asılı olmayaraq Bakı şəhəri ərazisində yaranan bütün bərk məişət tullantıları "Təmiz Şəhər" ASC-yə təhvil verilməlidir.

Bu günə kimi işçi qrupun Bakı şəhəri ərazisində keçirdiyi reydlər nəticəsində sahəsi 200 m2 -dən böyük olan 137 qeyri-qanuni tullantı sahələrinin 36-ı artıq təmizlənib, 200 min m3-dən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınıb və "Təmiz Şəhər" ASC-yə təhvil verilib.

Qeyd edək ki, reydlər bundan sonra da mütəmadi olaraq davam etdirələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə