Sərhədçilər Respublika Gününü yeni mənzillərində qeyd etdilər

Sərhədçilər Respublika Gününü yeni mənzillərində qeyd etdilər

Dövlət Sərhəd Xidmətinin (DSX) Nərimanov rayonunda inşa olunmuş yeni yaşayış kompleksində 28 May-Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilib. SİA xəbər verir ki, bu gün keçirilən mərasimdə DSX-nın rəisi-Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev çıxış edərək şəxsi heyəti bayram münasibətilə təbrik edib.

E.Quliyev Şərqin və türk dünyasının ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri iftixar hissi ilə xatırladıb. AXC-nin yaratdığı təməl üzərində öz müstəqilliyini bərpa edib möhkəmləndirən Azərbaycan Respublikası ötən 20 il ərzində sürətli tərəqqi yolu keçib, ictimai-siyasi sabitliyi və dinamik inkişafı ilə dünya dövlətləri arasında fərqlənən, 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilən, iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edən qüdrətli dövlətə çevrilib.

AXC-nin dövlət sərhədlərinin mühafizəsi istiqamətindəki fəaliyyəti xüsusi qeyd olunub, bolşevik işğalı nəticəsində yarımçıq qalmış işlərin müstəqillik illərində uğurla davam etdirilməsi, ulu öndər Heydər Əliyev tərəfindən milli sərhəd mühafizəsi strategiyasının müəyyənləşdirildiyi vurğulanıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ardıcıl həyata keçirilməsi sayəsində mühüm xidməti nailiyyətlər əldə olunub, Azərbaycan Sərhəd Mühafizəsi müasir silah və texnika ilə təchiz edilib, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə olunub.

E.Quliyev xüsusi vurğulayıb ki, dövlət sərhədində və hərbi hissələrdə həyata keçirilmiş böyük miqyaslı tikinti-quruculuq işləri sayəsində müasir sərhəd mühafizə infrastrukturu yaradılıb, dövlət sərhədlərinin daha etibarlı mühafizəsi təmin olunub. Təqdirəlayiqdir ki, bu illər ərzində Horadiz, Göytəpə, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizon kompleksləri, Sahil Mühafizəsinin yeni bazası, Akademiya, "Sərhədçi" idman-olimpiya və istirahət mərkəzləri, hərbi anbarlar, aviasiya dəstəsi, Cəlilabad rayonunda vahid tədris mərkəzi, atçılıq mərkəzi, xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzi, yüzlərlə sərhəd məntəqəsi və digər xidməti obyektlər istifadəyə verilib. Təkcə 2011-ci ildə hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzil inşa edilmişdir və bu il bu say daha da artacaqdır.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Bakı şəhərində tam təmir olunmuş yeni xidməti mənzillərin orderləri təqdim edilib.

Tədbir bayram süfrəsi arxasında davam etdirilmiş, incəsənət ustalarının konserti ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə