Allahşükür Paşazadə dini liderlərin qurultayında iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 29-da Qazaxıstan Respublikasına səfərə yola düşür. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərdə məqsəd 30-31 may tarixlərində Astanada keçiriləcək dünya dinləri və ənənəvi dinlərin liderlərinin qurultayında iştirak etməkdir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə hər üç ildən bir keçirilən bu qurultayların əvvəlkilərinin də iştirakçısı olmuş A. Paşazadəyə növbəti qurultayda iştirak üçün dəvət məktubunu Qazaxıstan parlamenti sədrinin xüsusi nümayəndəsi şəxsən təqdim edib. Astananın Sülh və Həmrəylik Sarayında keçiriləcək qurultayda dünyanın nüfuzlu dini liderlərinin və beynəlxalq qurumların rəhbərlərinin iştirak edəcəyi gözlənilir. Qurultay çərçivəsində "Sülh və həmrəylik bəşəriyyətin seçimi kimi" mövzusunda plenar iclas, "Dini liderlərin sabit inkişafa nail olunmasında rolu", "Din və multikulturalizm", "Din və qadın: mənəvi dəyərlər və müasir çağırışlar", "Din və gənclik" mövzularında bölmə iclaslarının keçirilməsi, yekunlara dair müraciətin qəbulu nəzərdə tutulur.

A. Paşazadə qurultayda məruzə ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...