“ADR haqqında bilmədiyiniz 20 fakt”

"İRƏLİ" İctimai Birliyi Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94 illiyi ilə əlaqədar 27 May tarixindən başlayaraq "ADR haqda bilmədiyiniz 20 fakt" adlı online aksiyaya start verib. SİA-nın məlumatına görə, \"İRƏLİ\" Tarix Mərkəzinin üzvləri tərəfindən toplanmış ADR qurucuları, fəaliyyəti haqqında maraqlı, lakin az yayılan məlumatlar aksiya boyunca sosial şəbəkələrdə gənclərin maarifləndirilməsi üçün istifadə olunacaq.

1918-ci ilin Dekabrında təsis edilmiş Azərbaycan Demokratik Respublikasının parlamenti ölkədə yaşayan bütün xalqlara təmsil olunmaq hüququ verən ilk qanunverici orqan olmaqla, tolerantlığın və demokratiyanın Şərqdə ilk nümunəsi olduğunu göstərib. Dövlət idarəçiliyində maliyyə, səhiyyə, əmək naziri kimi rus, yəhudi, hətta erməni mənşəli məmurlar fəaliyyət göstəriblər. Mustafa bəy Vəkilov 24 yaşında Azərbaycanın ən gənc daxili işlər naziri olub. Bakı Dövlət Universitetinin təsis olunması ideyası Fətəli xan Xoyskiyə məxsus olub. İranın Azərbaycanı tanıması məsələsində Xarici İşlər Nazirinin müavini və ölkəmizin İrandakı xüsusi nümayəndəsi olan Adil xan Ziyadxanın müstəsna rolu olub. Azərbaycan Demokratik Respublikası azərbaycanlı gənclərin dövlət hesabına təhsil alması məsələsini dövlət siyasəti səviyyəsinə qaldırıb və 100 azərbaycanlı tələbəni xaricə təhsil almağa göndərib və 100 tələbədən 20 nəfəri Azərbaycana qayıtmış və onlardan 18 nəfəri repressiya qurbanı olub. Azərbaycanın xaricdəki ilk diplomatik nümayəndəliklərinin açılması (Tehran və İstanbul) məhz Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf edib. Əlimərdan Bəy Topçubaşov XX əsr Fransa-Azərbaycan ədəbi və siyasi əlaqələrinin əsasını qoyan ilk şəxsiyyətlərdən biri olub. 11 Yanvar 1920-ci ildə Birinci Dünya Müharibəsində qalib gələn dövlətlərin Ali Şurası Azərbaycanı de-fakto müstəqil müstəqil dövlət kimi qəbul etmək haqqında qərar qəbul edib.

Qeyd edək ki, ireli.az saytında 20 faktın hər biri geniş qeyd olunub və online aksiya 30 May tarixinə qədər davam edəcək.

Eyni zamanda "İRƏLİ" Tarix Mərkəzinin üzvləri tərəfindən Bakı şəhərinin mərkəzi küçələrində \"ADR haqda bilmədiyiniz 20 fakt\" bukletləri paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə