Jalə Əliyeva: \"Səfər çərçivəsində Ermənistanın təxribatları gözlənilən idi\" - MÜSAHİBƏ
Millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avropa Parlamentinin 39-cu iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyevanın SİA-ya müsahibəsi
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avropa Parlamentinin 39-cu iclasında nə kimi məsələlər müzakirə edildi? Ümumilikdə, səfəri necə şərh edərdiniz?
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Assambleyası artıq 20 ilə yaxındır ki, mövcuddur. 2013-cü ilin fevralında təşkilat 20 illiyini qeyd edəcək. Parlament Assambleyası yarandığı gündən Azərbaycan da onun üzvüdür və təşkilatın bütün iclaslarında nümayəndə heyəti ilə təmsil olunmaqdadır. Bu təşkilat adından göründüyü kimi sırf iqtisadi bir qurumdur. Təşkilatın əvvəldən nizamnaməsi elə hazırlanıb və qurulub ki, sessiya çərçivəsində siyasi mövzulardan danışmaq, ümumiyyətlə, gündəliyə siyasi mövzular çıxarmaq qadağandır. İclaslarda əsasən, Qara dəniz hövzəsi ölkələrində iqtisadiyyatın müxtəlif sahələri, mədəniyyət, təhsil, səhiyyə və digər məsələlər müzakirə edilir. Bu dəfə də baş assambleyanın mövzusu informasiya texnologiyaları idi. Bunlara isə ölkələrdə informasiya texnologiyalaırnın inkişafı, mövcud sahədə olan perspektiv inkişaf və mövcud olan problemlər aid idi. Lakin bu assambleyanın ayrı-ayrı komitələrində müxtəlif mövzular qaldırıla və müzakirə edilə bilər. Ötən il təhsil, səhiyyə və mədəniyyət üzrə komitənin iclası keçirilib və həmin komitəyə sədrlik Azərbaycana həvalə olunub. Bizim komitədə əsasən Qara dəniz hövzəsi ölkələrində uşaqların hüquqlarının müdafiəsi, bu sahədəki yeniliklər və problemlər müzakirə edilib. Digər komitələrin özlərinin isə əlaqədar mövzuları var. Bu mövzuların da hər biri komitədə müzakirəyə çıxarılır və daha sonra qərar layihəsi assambleyanın iclasında müzakirəyə çıxarılaraq təsdiq edilir.
- Azərbaycan nümayəndə heyətinə münasibət necə idi? Sizin qarşılanma və təhlükəsizliyiniz hansı səviyyədə təşkil olunmuşdu?
- Özünə hörmət edən, beynəlxalq birliyin üzvü olan hər bir ölkənin beynəlxalq birlik qarşısında öz cavabdehlikləri var. Assambleyanın iclası çərçivəsində də sadəcə Azərbaycan heyətinin deyil, bütün üzv ölkələrinin təhlükəsizliyi birmənalı şəkildə təmin olunurdu. Ermənistanda isə müəyyən səbəblərdən Azərbaycan nümayəndə heyətinin təhlükəsizlik məsələləri xüsusi bir yanaşma tələb edirdi. Təhlükəsizliyi kifayət qədər normal təmin etmişdilər. Bunun da arxasında müəyyən səbəblər vardır. Ermənistan bu işğalçı siyasətə hər zaman başqa don geyindirməyə və bunu dramatikləşdirməyə, digər ölkələr qarşısında məzlum və yazıq bir rol oynamağa çalışıb. Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinin qorunmasının arxasında da onların məsuliyyəti dərk etmələri ilə bərabər, eyni zamanda, özlərinin "sivil, bütün normalara əməl etdiklərini" bir daha nümayiş etdirmələri olub. Bu isə onların illərdən bəri pərdə arxasında həyata keçirdikləri siyasəti bir davamı və parçası idi. Amma ümumilikdə, bu onların borcu idi. Onlar Azərbaycanın deyil, Türkiyə nümayəndə heyətinin də təhlükəsizliyinə qaranti verilmişdi.
- Erməni mətbuatı Azərbaycan nümayəndə heyətinin qondarma soyqırımı abidəsini ziyarət etdiyinizi və əklil qoyduğunuzu yazdı. Buna sizin münasibətiniz necədir?
- Səfər çərçivəsində qarşımızda hiyləgər, təxribatçı, yalanı belə utanmadan söyləməyi bacaran qarşı tərəf var idi. Söhbət əli 20 faiz torpaqlarımızda minlərlə soydaşımızın qanına bulaşan Ermənistan hakimiyyətindən gedir. Təbii ki, səfər çərçivəsində bu və ya digər təxribatlar da gözlənilən idi. Biz bunu gözləyirdik. Amma bizə çox təəccüblü gəldi ki, hələ sərhədi keçməyə macal tapmadan xarici qaynaqlara istinadən müxtəlif məlumatların yayılmasına dair Bakıdan məlumat gəldi. Bu çox absurd bir məlumat idi. Çünki hər bir beynəlxalq təşkilat əvvəlcədən öz proqramını təşkil edir və 1 həftə-10 gün qalmış iştirakçı ölkələrə göndərilir. Əvvəla proqramda belə bir şey yox idi. Yəni, bütün dövlətlər oraya çiçək qoysaydı belə, Azərbaycanın heç bir zaman mövcud olmayan "soyqırımı qurbanları"nın abidəsinə çiçək qoyması nə dərəcədə ağlasığan olardı. Bu düzgün olan bir şey deyil və təmamilə təxribat xarakterli məlumat idi. Düşünürəm ki, buna kifayət qədər açıqlıq gəlib. Sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı birmənalı olaraq anlayır ki, nəinki Azərbaycan siyasiləri, ümumilikdə damarında, qanında azərbaycanlı qanı axan heç bir insan bu addımı ata bilməzdi.
- Bundan öncə Ermənistana səfər etmisinizmi?
- İlk dəfə olaraq 1988-ci ildə işğalçılıq hadisələrin başlanmasına az bir müddət qalmış tələbə kimi Ermənistana getmişəm. Həmin zaman biz suni şəkildə beynəlmiləl və qardaşlaşmışdıq. Sovetlər Birliyinə daxil olan 15 ölkənin hər birində mədəniyyət ongünlükləri keçirilirdi. Həmin ongünlüklər çərçivəsində 1988-ci ilin noyabr ayında belə bir görüş hazırlandı və mən də müəyyən qrup daxilində Ermənistana səfər etdim. Bu da mənim tələbə ikən son iki günə kimi Ermənistana edilən ilk və son səfərim idi.
- Həmin zamandan 14 il vaxt keçib. Səfər çərçivəsində Ermənistandan Azərbaycan necə görünürdü və onların bizlərə qarşı münasibəti necə idi?
- Bir azərbaycanlı olaraq Ermənistandan Azərbaycana baxanda gözümüzdə möhtəşəm bir mənzərə yaranırdı. Müqayisə edərkən 20 ildən artıqdır ki, bizi haqsızcasına müharibəyə sürükləyən bir ölkənin özünün vəziyyətini görəndə və bu müharibə sizə nə verib? sualının qarşısında fərqli bir mənzərə yaranırdı. Oradan qarşı tərəfdə öz torpağında işğala məruz qalmasına, qaçqın və məcburi köçkünün olmasına, beynəlxalq təzyiqlərə, ikili standartlara məruz qalmasına baxmayaraq möhtəşəm və sürətlə inkişaf edən doğma Azərbaycan göründü. Bu müharibəyə bizi sürükləyən, böyük iddialarda olan Ermənistan isə 1988-ci ildə sovetlərin son akortlarının vurulduğu dövrlərdə gördüyümüz dövlətdən heç nə ilə fərqlənmirdi. Bizim üçün ən azından kənardan baxanda belə görünürdü.
- Bildiyimizə görə, Parlament Assambleyasının iclası çərçivəsində Azərbaycan tərəfi müəyyən tövsiyələrə əlavələr verib. Onların nəticəsi necə oldu və bununla bağlı hansısa qərar verildimi?
- Hər bir nümayəndə heyətinin parlament assambleyasının ümumi bir tövsiyə qərarına öz ölkəsinin, bölgənin maraqlarını nəzərə alaraq tövsiyə xarakterli maddələr və ya dəyişikliklər etmək hüququ var. Bizim assambleyaya təqdim etdiyimiz əlavələr isə uşaqların müdafiəsi ilə bağlı idi. Bundan öncə Qazaxıstanda keçirilən iclasda ölkəmizdə uşaq hüquqları sahəsində görülən işlər, əldə olunan nailiyyətlər, ölkənin, dövlətin Heydər Əliyev Fondunun bu sahəyə olan diqqət və qayğısını söylədik. Bununla bərabər, bu gün həyəcan təbili çalınan bəzi problemləri də qabartdıq. Bu problemlərin ən böyüyü də müharibə şəraitində yaşayan uşaqlar, belə şəraitdə böyüyən uşaqların problemləri idi. Bunlar haqqında danışmaq nə qədər qadağan olunsa da hər vəclə iqtisadi problemin içində də məsələləri ortaya qoyurduq. Ötən il Bolqarıstan səfəri vaxtı Novruz Bayramı ərəfəsində öz evində oyun oynayarkən snayper gülləsinə tuş gələn 13 yaşlı Fariz Bədəlov haqqında məlumat verdik. Erməni tərəfinin də iştirak etdiyi bu iclasda bizim çıxışımızdan sonra yenidən söz alaraq bu barədə məlumatlı olduqlarını və hadisəyə böyük ürək ağrısı keçirdiklərini deyiblər. Orada səslənən fikirləri davam etdirərək düşündük ki, tövsiyə qərarında mütləq qaçqın, köçkün uşaqların vəziyyəti, müharibənin vurduğu ziyanlar öz əksini tapmalıdır. Analiz etdiyimiz zaman gördük ki,bir çox problemlər - uşaq qaçaqmalçılığı, uşaq alveri, orqan nəqli, onların cinsi təcavüzə məruz qalması, məcburi olaraq porno filmlərə cəlb olunmaları, narkotik qaçaqmalçılığına çevrilməsi və digər məsələlər assambleyanın iclasında yer alır. Biz qərara gəldik ki, bu tövsiyəyə Azərbaycan öz əlavəsini etməlidir. QDİƏT-nın Parlament Assambleyanın 39cu sessiyasının Ermənistanda keçirildiyi üçün düşünürdük ki, bu qərarın qəbul olunması qeyri-realdır. Amma necə deyərlər, "Haqq nazilər, amma üzülməz, haqlı tərəf hər zaman haqlı olur". Bu tövsiyyələrin qəbulunda da sanki erməni tərəfinin gözü bağlandı. Bütün nümayəndə heyətlərinin yetkin qərarı ilə sessiyada bizim tövsiyə və əlavələrimiz qəbul edildi. Hər birimiz bu problemin həllində nəsə deyə, səsimizi ucalda biliriksə, deməli biz ümumilikdə, dövlətimizin bu sahədə apardığı işə dəstək vermiş oluruq. Nəhayət apardığımız işlər nəticəsində bu tövsiyyə qərarını sessiya çərçivəsində də qəbul etdirə bildik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB