Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Azərbaycanda səfərdə olan ABŞ-ın bir qrup senatoru və yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə ADU-nu rektoru, millət vəkili, professor Səməd Seyidov, millət vəkili Asim Mollazadə, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq iştirak edirib.
Tədbiri giriş sözü ilə açan rektor Səməd Seyidov qonaqları salamlayaraq onları Azərbaycan Dillər Universitetində və eyni zamanda, ADU-nun Amerika mərkəzində görməkdən şad olduğunu bildirib. Qonaqlara universitet heyətini təqdim etdikdən sonra professor S. Seyidov universitetin və Amerika mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Rektor vaxtilə universitetdə üç dilin tədris olunduğunu iştirakçıların nəzərinə çatdırıb. Bu gün isə universitetdə nəinki ingilis, alman, fransız dilləri eyni zamanda ispan, italiyan, hind digər bir sıra dillərin də tədris olunduğunu bildirib. ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında qonaqlara məlumat verib.
Amerika mərkəzinin fəaliyyətindən danışan rektor, onun imkanlarından nəinki ADU tələbələrinin, həmçinin müxtəlif universitetlərdən olan tələbələrin də yararlana bildiklərini qeyd edib. S.Seyidov:"Bir ölkənin inkişaf etməsi üçün onun təhsil və mədəniyyəti inkaşf etməlidir"- deyə vurğulayıb. O, universitetin bir çox nailiyyətləri olduğunu və bunu öz tələbələri və müəllimləri sayəsində qazandığını bildirib.
Florida ştatının nümayəndəsi Cenifer Karol isə bildirib ki, bu cür səfərlər bir-birini tanımaq baxımından çox önəmlidir: "Bu səfər Azərbaycanı daha yaxından tanımağa kömək edəcək". O, ADU-da olmaqdan məmnunluğunu dilə gətirib.
Daha sonra çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Amerika mərkəzi və ABŞ səfirliyinin birgə əməkdaşlığından söz açıb. Hər həftə səfirliyin nümayəndələrinin ADU-da müxtəlif mövzularda mühazirə oxuduğunu deyib. Bu mərkəzin Amerika Birləşmiş Ştatları ilə birgə əməkdaşlığının hər gün daha da inkişaf etdiyini bildirib. A.Sterlinq burada olan imkanların tələbələrə ingilis dilini və Amerikanın tarixi və mədəniyyətini daha dərindən öyrənməyə şərait yaratdığını qonaqların diqqətinə çatdırıb.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova çıxışında ADU-da amerikalı tələbələr üçün təşkil olunmuş yay məktəbləri haqqında danışıb. 2010-cu ildə sadəcə 11 müraciətinin olduğunu deyən J. Qəribova bu gün bunun 100-dən çox olduğunu qeyd edib. Hər il ADU-ya gələn amerikalı tələbələrə 1 ay ərzində Azərbaycanın adət-ənənələri, mədəniyyəti və tarixinin geniş şəkildə öyrədildiyini vurğulayıb.
Tədbirdə çıxış edən ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Nərgiz Quliyeva ABŞ-da iştirak etdiyi proqram haqqında məlumat verib. Orada qazandığı nailiyyətlər haqqında danışıb.
Qeyd edək ki, ABŞ konqressmenlərindən və müxtəlif ştatların təmsilçilərindən ibarət 200 nəfərlik nümayəndə heyəti tanışlıq məqsədi ilə Azərbaycana gəlib. Nümayəndə heyəti artıq Milli Məclisdə və Azərbaycan Diplomatik Akademiyasında da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB