Azərbaycan Respublikasının ilbəil artan beynəlxalq uğuru, ölkəmizin dünya miqyasında istər siyasi, iqtisadi, istərsə də mədəni sahədə mövqeyinin güclənməsi, təbii olaraq imicinin daha da yüksəlməsinə şərait yaradıb. Azərbaycanın uğurları bu gün dünyanın yüksək tribunalarından səsləndirilir. BMT Təhlükəsizlik Şurasının iki illik üzvü seçilən Azərbaycana olan müsbət münasibət məhz bu cür ali seçkilərdə, eləcə də bölgə, qitə və ümumən dünya üçün önəm daşıyan Azərbaycan mərkəzli iri iqtisadi layihələrdə, yaxud Azərbaycanın partnyorluğu ilə gerçəkləşən layihələrdə özünü göstərir.
Aid olduğu Güney Qafqaz bölgəsinin lider dövlətinə çevrilən, vaxtaşırı böyük beynəlxalq konfransların, o cümlədən, sivilizasiyalar və mədəniyyətlərarası dialoqların, yaddaqalan görüşlərin, debatların, nüfuzlu yarışmaların ev sahibi kimi çıxış edən Azərbaycan dostlarını sevindirdiyi kimi, bədxahlarını da kədərləndirməkdədir. Əks təqdirdə, tənqidi heç bir məntiqə sığmayan bəzi münasibətlər-daha doğrusu münasibətsizliklər meydana çıxmazdı. Belə ki, bu günlərdə Norveç İnsan Haqları Təşkilatı, Amnesty İnternational və Sərhədsiz Jurnalistlər Təşkilatı Azərbaycanda keçirilən "Eurovision - 2012" Beynəlxalq Mahnı Yarışmasına kölgə salmağa, bu yarışmaya birbaşa aidiyyatı olmayan məsələləri qabardaraq beynəlxalq ictimai fikri çaşdırmağa yönəlmiş "Açıqlama"larla çıxış ediblər.
Biz Azərbaycan vətəndaş cəmiyyəti qurucuları olaraq, qurumların bəlli "Açıqlama"larını qınayır, orada toxunulan məsələlərin həqiqəti əks etdirmək niyyətindən irəli gəlmədiyini, əksinə, Azərbaycanın uğurlarına qısqanan qüvvələrin maraqlarına xidmət edən qeyri-obyektiv addım olduğunu bildiririk. Hesab edirik ki, adıkeçən hər üç qurum, artıq neçənci dəfə təkrarlanan birtərəfli və qərəzli mövqeləri ilə Azərbaycanda öz etimadlarını itirmiş durumdadır.
Bu deyilənlərlə yanaşı, onu da vurğulamaq istərdik ki, respublikamıza qarşı həyata keçirilən çirkin kompaniyada səsləndirilən yalan iddialar məhz Ermənistanın müxtəlif qurumlarının, ermənipərəst qüvvələrin Azərbaycana qarşı irəli sürdüyü əsassız ittihamlarla qəribə şəkildə üst-üstə düşür və sanki bir mərkəzdən idarə olunur. Böyük mədəniyyət faktı olan "Eurovision-2012" mahnı yarışmaını hədəfə götürənlər, yaxud öz niyyətlərini bu yarışma fonunda gerçəkləşdirməyə çalışanlar sübuta yetirirlər ki, onlar Azərbaycanın hətta mədəni uğurları ilə də barışa bilmirlər.
Sual yaranır ki, necə olur yüz minlərlə qaçqın və məcburi köçkünümüzün taleyi, erməni vandalizminin çoxsaylı faktları Norveç İnsan Haqları Təşkilatı, Amnesty İnternational və Sərhədsiz Jurnalistlər Təşkilatı və onların həmfikirlərini narahat etmir? Necə olur ki, dövlətin, aidiyyatı ictimai təsisatların "Eurovision-2012"nin ən yüksək səviyyədə keçirilməsi üçün gördüyü inkarolunmaz işlər, yarışmanın yarımfinal mərhələsinin artıq uğurla başa çatması diqqətə alınmır, əvəzinə mübahisəli və ya müzakirə, araşdırma tələb edən məsələlər qabardılır. Bəlli şəxslərin özəlliklə qabartdıqları "siyasi məhbus məsələsi"nə gəldikdə isə, indiyə qədər həyata keçirilmiş amnistiya və əfv sərəncamlarını, o sərəncamların "Eurovision-2012" ilə heç bir bağlılığı olmadan ötən illər ərzində baş tutduğunu, təbii ki, yenə də olacağını - dövlətin humanizm siyasətinin davamlı xarakter aldığını, illər öncədən İnsan hüquqları üzrə müvəkkilliyin yarandığını, yenə illər öncədən AMEA-nin İnsan Hüquqları İnstitutunun təsis edildiyini, insan hüquqları mövzusuna uyğun neçə-neçə hüquqi aktın qəbul edildiyini, vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirilən tədbirləri, o cümlədən, müvafiq konsepsiyanın qəbulunu, bu faktları görməzdən gələnlərə xatırlatmaq istərdik.
Hesab edirik ki, Azərbaycan xalqı, xüsusilə də mədəniyyət və incəsənət nümayəndələri, vətəndaş cəmiyyəti qurucuları sözükeçən "bir mərkəzli çöxüzlü" bəd əməllərə adekvat cavab verməli, səssiz qalmamalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB