Millət vəkili Gülər Əhmədovanın təşəbbüsü və Doğu Akdeniz Universiteti, oradakı Azərbaycan Cəmiyyəti və "MİRAS" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şimali Kipr Türk Cümhuriyyətinin Qazimağusa şəhərində Azərbaycanın 28 may Respublika gününə həsr olunmuş Azərbaycan-Şimali Kipr Gənclər Forumu keçirilib. Birlikdən SİA-ya verilən məlumata görə, "Dünyada Mənim Vətənim" layihəsi çərçivəsində baş tutan Forum "Mən örnək gəncəm" devizi altında reallaşıb. Forumda Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu çıxış edib. D.Əroğlu öz nitqində Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti üçün qardaş ölkə olduğunu, Kipr türkünün Azərbaycanla bağlı hər məsələyə çox duyarlı davrandığını, Azərbaycanın hər keçən gün güclənən və sayqın bir mövqeyə gəlmiş ölkə olduğunu və Şimali Kipr Türk Cümhuriyyətinə tətbiq edilən embarqoların qaldırılmasında artıq önəmli rol oynaya biləcəyini xüsusi vurğu ilə qeyd edib. Azərbaycanlı Tələbələr Birliyinin sədri Elçin Süleymanov və Doğu Akdeniz Universitetinin rektoru Prof.Dr. Abdullah Öztoprak azərbaycanlı tələbələrin universitetin və Şimali Kipr Türk Cümhuriyyətinin ictimai həyatında fəal iştirak etdiyini, azərbaycançılıq ideyalarının təbliği sahəsində səmərəli fəaliyyət göstərdiklərini bildirdilər.
Millət vəkilləri Gülər Əhmədova və Sədaqət Vəliyevanın çıxışları forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Millət vəkilləri forum çərçivəsində azərbaycanlı tələbələrin qayğıları və problemləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Prof.Dr. Qafar Cəbiyev Azərbaycanın dünyada təkcə neft ölkəsi, Avropa və Asiya üçün önəmli nəqliyyat dəhlizi kimi tanınması ilə yanaşı, onun həm də qədim tarixi və zəngin mədəniyyəti ilə tanınan bir ölkə olduğunu qeyd edib. O, Azərbaycan ərazisində tarixin bütün mərhələlərinə aid abidələrdə xarici ölkə alimləri ilə birlikdə aparılmaqda olan genşmiqyaslı tədqiqatlar, tarixçi alimlərin son illər ərsəyə gətirdiyi sanballı elmi əsərlər barəsində geniş məlumat verib.
Nizami rayon YAP Gənclər Birliyinin sədri Əli Pənahov və "MİRAS" İctimai Birliyinin şöbə müdiri Şölə Bayramova Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti barəsində forum iştirakçılarına ətraflı məlumat verdilər.
Qeyd edək ki, forumda Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti gənclərinin gələcək fəaliyyətlərinin əsas istiqamətlərini müəyyən edən birgə bəyannamə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB