Gənclər müstəqillik faktlarını sosial şəbəkələrdə yayacaq

"İRƏLİ" İctimai Birliyi Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirəcək. İctimai Birlikdən SİA-ya verilən xəbərə görə, ilk olaraq 26 may tarixində "ADR haqqında bilmədiyiniz 20 fakt" adlı online aksiya keçiriləcək. Aksiyada ADR qurucuları, fəaliyyəti haqqında az məlum olan faktlar sosial şəbəkələrdə yayılacaq. Aksiya 30 may tarixinə qədər davam edəcək.

28 may tarixində gənclər tərəfindən əhalinin sıx olan mərkəzi küçələrində ADR haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılacaq. 29 may tarixində isə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "İRƏLİ" Tədqiqatlar və İnkişaf Mərkəzinin dəstəyi ilə "İRƏLİ" İctimai-Siyasi Elmlər Kitabxanası layihəsi çərçivəsində "Avropada 3 aylıq bir səyahətim" adlı kitabının təqdimetmə mərasimi və ictimai müzakirəsi keçiriləcək. Nəşrin müəllifi XX əsr Azərbaycan ictimai fikrinin tanınmış nümayəndəsi, dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini Adil xan Ziyadxanlıdır. Kitab özündə xalqımızı Avropa mədəniyyətinin bütün nailiyyətləri ilə tanış edərək, cəhalətə yox deməyə və inkişaf yoluna qədəm qoymağa çağırır. Eyni zamanda, XX əsrin əvvəllərindəki Azərbaycan insanın Avropadan bəh edən ilk təsəvvürləri qeydə alınıb.

Tədbirdə millət vəkili Musa Qasımlı, akademik Vasif Məmmədəliyev və bu sahə ilə bağlı ekspertlər, tarixçilər, elm adamları, ictimai xadimlər iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə