Səməd Seyidov: \"Azərbaycanın-Avropa Parlamenti münasibətlərinə yenidən baxılmalıdır\" - MÖVQE

Səməd Seyidov: \"Azərbaycanın-Avropa Parlamenti münasibətlərinə yenidən baxılmalıdır\" - MÖVQE

Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair qəbul etdiyi qətnamə Azərbaycanın Avropa Parlamenti ilə ikitərəfli münasibətlərinə xələl gətirir. SİA-nın xəbərinə görə, Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə açıqlamasında parlamentin bu qərarını qeyri-obyektiv və qərəzli adlandırıb. Onun sözlərinə görə, mayın sonlarında Parisdə AŞPA-nın monitorinq, həmçinin siyasi məsələlər və daimi komitələrinin iclasları keçiriləcək. S.Seyidov vurğulayıb ki, Azərbaycan nümayəndə heyəti iclaslarda bu məsələni qaldıracaq və Avropa Parlamentinin qeyri-obyektiv qərar qəbul etdiyini onların diqqətinə çatdıracaq.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra avroatlantik məkana inteqrasiya edir. Qeyd etməliyəm ki, əslində biz bu cür əks qüvvələrlə 2000-ci ildən üzləşmişik, lakin həmişə dözümlülük nümayiş etdirmişik, səbrlə, təmkinlə cavab vermişik. Bəzi qüvvələr hesab edirlər ki, islam və demokratiya bir-biri ilə ziddiyyət təşkil edir. Əhalisinin 80-85%-i müsəlmanlardan ibarət olan Azərbaycanda demokratik cəmiyyətin inkişaf etdiyi, ailə dəyərlərinə qiymət verildiyi, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı, inkişaf etdiyi təkzibolunmaz faktlardır. Bu gün Azərbaycan 155 ölkənin səsini qazanmaqla BMT Təhlükəsizlik Şurasının tribunasından çıxış edir. Bütün bunlar güclü, müstəqil Azərbaycanı sevməyənlərin narahatlığına səbəb olur", - deyə o əlavə edib.

Komitə sədri qeyd edib ki, Avropa Parlamentinin bu qətnaməsi Azərbaycanın həmin qurumla münasibətlərinə yenidən baxmağa məcbur edir. S.Seyidovun sözlərinə görə, bu gün Avropa Birliyinə üzv olan ölkələrin bir çoxunda insan haqları kobud şəkildə pozulur və elə ölkələr var ki, onlardan Avropa İnsan Haqları Məhkəməsinə ildə 7000 müraciət daxil olur: "AB üzvü olmayan Azərbaycan üzrə bu rəqəm isə 1000-ə yaxındır. Bu da öz növbəsində kimin demokratik və azad cəmiyyətdə yaşadığının göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə