Əli Həsənov: \"Üç il ərzində 50 minə yaxın məcburi köçkün evlə təmin olunacaq\"

Əli Həsənov: \"Üç il ərzində 50 minə yaxın məcburi köçkün evlə təmin olunacaq\"

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Şəkinin Kiş bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə maraqlanıb. Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəki rayonu ərazisindəki istismar müddəti başa çatmış Fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Kiş bələdiyyəsinin ərazisində yeni qəsəbə salınır.

Burada 423 ev inşa olunur ki, onlardan 17-si bir, 211-i iki, 175-i üç, 20-si isə dördotaqlı olacaq.

Qəsəbədə məktəb binası, uşaq bağçası, inzibati bina, poçt, klub-icma mərkəzi, ambulator tibb məntəqəsi və s. infrastruktur yaradılacaq. Yeni qəsəbəyə Fin qəsəbələrində məskunlaşmış 372 və məktəblərdə yerləşmiş 51 ailə köçürüləcək. Hər bir ailəyə əlavə 12 sot torpaq sahəsi veriləcək. Burada tikinti işləri ilə 15 şirkət məşğul olur. Qəsəbənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

Tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra inşaatçılarla müşavirə keçirən baş nazirin müavini Əli Həsənov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən bu il məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılan vəsaitin həcmi 2,5 dəfə artırılıb. Bu isə doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız üçün daha müasir və yüksək keyfiyyətli qəsəbələrin salınmasına imkan verir.

Bu günə qədər ölkə ərazisində 71 qəsəbə salındığını diqqətə çatdıran komitə sədri Bakının ətraf rayonlarında da məcburi köçkünlər üçün yeni müasir qəsəbələr salındığını və yaxın üç il ərzində 50 minə yaxın məcburi köçkünün bu cür evlərlə təmin olunacağını deyib.

"Bakı ətrafında, xüsusilə də Qobu qəsəbəsində yeni salınacaq yaşayış massivləri üçün torpaq sahəsi ayrılıb, hazırda sənədləşmə işləri gedir. Bunun nəticəsində isə Bakıda yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə və digər ictimai obyektlərdə məskunlaşmış məcburi köçkünlər hər bir şəraiti olan evlərlə təmin olunacaq".

Sonra Ə.Həsənov Mingəçevir şəhərinə gedərək burada da məcburi köçkünlər üçün salınan yeni məhəllədə aparılan işlərlə tanış olub. Məlumat verilib ki, istismar müddəti başa çatmış Fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Mingəçevirdə 9 mərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi salınır.

Baş nazirin müavini tikinti sahəsini gəzib, işlərin gedişi ilə maraqlanıb. Daha sonra tikinti şirkətlərinin rəhbərləri ilə keçirilən görüşdə bildirilib ki, burada 10 bina tikilir. Bu binalarda 502 ailə mənzillə təmin ediləcək. Mənzillərin 34-ü bir, 259-u iki, 182-si üç, 27-si isə dördotaqlı olacaq. Yaşayış məhəlləsində 480 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, idman mərkəzi tikiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə