Komitə sədri: “Azərbaycanda yuvenal məhkəmənin yaradılması geniş maliyyə resursları tələb edir” - MÜSAHİBƏ

Komitə sədri: “Azərbaycanda yuvenal məhkəmənin yaradılması geniş maliyyə resursları tələb edir” - MÜSAHİBƏ

Son günlər BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycana qarşı göndərdiyi tövsiyələr geniş müzakirə olunur. Bu tövsiyələr arasında Azərbaycanda uşaq hüquqlaırnın müdafiəsi istiqamətində \"Yuvenal ədliyyə və ya yuvenal məhkəmələrin yaradılması\" öz əksini tapıb. Yeni sistemlərin yaradılması ilə bağlı uzun illər müzakirələr aparılsa da hələ də yekun nəticəyə gəlinməyib. Bu və ya digər məsələlər aydınlıq gətirmək üçün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə müraciət etdik.


- Ölkənin hüquq-məhkəmə sistemində yuvenal məhkəmə və ya ədliyyənin yaradılması istiqamətində hansı işlər görülür?

- Azərbaycanda yuvenal məhkəmənin yaradılması maddi, təşkilati tədbirlər və geniş maliyyə resursları tələb edir. Azərbaycanda ixtisaslaşmış məhkəmələr kimi inzibati məhkəmələri də formalaşdırmışıq. Məhkəmə hüquq islahatlarının əsas istiqaməti bundan ibarət olub və işlər artıq başa çadırılıb. Bununla yanaşı, Azərbaycanda yuvenal ədliyyələrin olmasına baxmayaraq, hər zaman ölkə məhkəmələrində yetkinlik yaşına çatmayanların işlərinə həm prokurorluqda, həm də məhkəmədə ixtisaslaşmış hakimlər baxıblar və hər zaman məhkəmə hakimiyyətinin diqqət mərkəzində olublar. İndi BMT-nin İnsan Hüquqları Komitəsinin Azərbaycanla bağlı hesabatında göstərilən tövsiyələrdən biri yuvenal ədliyyə sistemini inkişaf etdirilməsi və yuvenal ədliyyələrin yaradılmasıdır. Hazırda beynəlxalq təşkilatlar, millət vəkillərinin iştirakı ilə hazırlanan qanun layihəsi üzərində işləyərək bu layihədə işləri yenidən bərpa etməyi düşünürük. Bunun yaradılması təbii ki, daha geniş resurslar tələb edir. Hesab etmirəm ki, bu qəbildən baxılan işlərin keyfiyyəti ilə bağlı Azərbaycanda hansısa ciddi problemlər var. Məhkəmə Şurasında bu məsələ ilə bağlı bir neçə belə işlər olub ki, məhkəmə baxışı zamanı yetkinlik yaşına çatmayanların müdafiə hüququ pozulur. Bu məsələlər həmişə Məhkəmə Şurasının diqqətində olur, hüquq pozuntularına qarşı ciddi tədbirlər həyata keçirir. Bu mövzu Azərbaycanda ciddi bir problem deyil. Ölkədə yuvenel ədliyyə sisteminin mövcud olmasına baxmayaraq, ümumi məhkəmə sistemində bu məsələyə ixtisaslaşmış kimi yanaşılır.


- Gələcəkdə Azərbaycanda yuvenal məhkəmələrin fəaliyyəti nəzərdə tutulurmu?

- Hələlik bunu nəzərdə tutan xüsusi bir proqram və ya öhdəlik yoxdur. Sadəcə, bunu etmək istəyi əleyhinə çıxış etmirik. Azərbaycanın hüquq ədliyyə sistemində bu məsələni dəstəkləyirik. Amma insan hüquqlarının müdafiəsinə dair qanunda bunu nəzərdə tutmamışıq. Çünki bu yaxın illərdə nəzərdə tutulan bir proqramdır. Hələlik düşünmürəm ki, bunu indiki mərhələdə edə bilmərik. Bu barədə idealar var və yalnız gələcəkdə həyata keçirmək mümkün olacaq. Yuvenal ədliyyə dedikdə bütövlükdə söhbət ədliyyə sistemində uşaq hüquqlarının müdafiəsi mexanizmlərindən gedir.


- Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı Milli Məclisdə xüsusi qanun hazırlanacaqmı?

- Yuvenal ədliyyə ilə bağlı qanunun geniş mənası Yuvenal məhkəmələrin yaranmasına yönələn işdir. Nəzəri olaraq bunun üzərində düşünürük, amma praktik keçid üçün bütöv bir sistemin, ixtisaslaşmış hakim korpusunun formalaşdırılmasına, bununla bağlı maddi-texniki məsələlərə və böyük maliyyə resurslarına ehtiyac var. Yəni, bu proses elə də asan məsələ deyil.


- Bununla bağlı mütəmadi olaraq müzakirələr aparılsa da, müəyyən razılaşmalar əldə olunsa da yuvenal məhkəmələrlə bağlı konkret qanunun qəbul olunmamasının səbəbi nədir? Bu qanunun konkret olaraq nə zaman Milli Məclisin gündəliyinə salına bilər?

- Yuvenal məhkəmə ilə bağlı qanun layihəsi yalnız Milli Məclisin payız sessiyası çərçivəsində işlənəcək. Onu yaratmaqdan ötrü isə geniş miqyasda maddi-texniki resurslar lazımdır. Hesab edin ki, ixtisaslaşmış yeni bir məhkəmə sistemi yaradılır. Kənardan asan görünsə də, bu elə də asan iş deyil. Ölkənin hüquq sistemində yetkinlik yaşına çatmayanlarla bağlı problem də göründüyü kimi aktual deyil. Yetkinlik yaşına çatmayanların cinayət işləri ilə daha çox ixtisaslaşmış hakimlər məşğul olur. Həmin şəxs yuvenal ədliyyənin hakimi olmasa da bu sahəyə daha yaxın və burada ixtisaslaşan hakim olur. Bu vaxta kimi mövcud sahədə kobud pozuntular aşkar etməmişik. Hər zaman yetkinlik yaşına çatmayanlarla bağlı həbs-qəti imkan tədbirlərinin seçilməsinə, o cümlədən cəza siyasətində humanistliyə fikir vermişik.

Bütün xəbərlər Facebook səhifəmizdə