Şəkidə hüquq və azadlıqların müdafiəsi bağlı ictimai dinləmələr keçirilib

Şəkidə hüquq və azadlıqların müdafiəsi bağlı ictimai dinləmələr keçirilib

"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" (MFP) ilə bağlı növbəti regional ictimai dinləmələr Şəkidə təşkil olunub. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, ictimai dinləmədə Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, regiondakı ətraf rayonlar - Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz, İsmayıllı, Göyçay, Ağdaş, Ağsu, Şamaxı və Qobustan icra hakimiyyətlərinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun rəhbər işçiləri, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların, milli azlıqların nümayəndələri iştirak ediblər.

Ombudsman hazırda təşəbbüsü ilə ölkənin bütün ərazisində 18 iyun - Milli İnsan Hüquqları günü ilə əlaqədar İnsan hüquqları ayılığı çərçivəsində tədbirlərin keçirildiyini söyləyib, bu müzakirələrin vacibliyini vurğulayıb. O, ölkədə həyata keçirilən demokratik, hüquqi və sosial-iqtisadi islahatlar, əhalinin rifah halının daha da yaxşılaşması, layiqli həyat tərzinin təmini, yoxsulluğun azalması, əmək haqları, pensiyaların artırılmasını nəzərə çatdırıb. Müvəkkil 86 etnik qrupun, milli azlığın əmin-amanlıq şəraitində, bir ailə kimi yaşadığı, dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqların, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu, həmçinin humanizm siyasəti davam etdirilərək qanunların və cəzaların liberallaşdırılmasını, 9 amnistiya aktının qəbul olunduğu və 51 əfv fərmanının imzalandığını diqqətə çatdırıb. O, ölkədə Regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini, Şəkinin və bu regionun bütün rayonlarının sürətlə, geniş miqyasda inkişaf etdiyini, daha da müasirləşdiyini qeyd edib.

E.Süleymanova səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Şəki və Qəbələ rayonları polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına, Şəki rayonlararası psixiatriya xəstəxanasına baxışlar keçirib. Habelə onun təşəbbüsü ilə Şəki şəhər 10 nömrəli və Qəbələ şəhər 2 nömrəli orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə Pilləli tədris proqramının müvəffəqiyyətlə başa çatması təntənəli qeyd edilib, proqramı uğurla başa vuran şagirdlər, həmçinin fərqlənmiş müəllimlər sertifikatlarla təltif edilib. Müvəkkil səfər çərçivəsində Oğuz rayonunda olmuş Rayon Təhsil Şöbəsində müəllimlərin iştirakı ilə burada da Uşaq hüquqları üzrə Pilləli tədris proqramının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Müvəkkil Şəki Uşaq Yaradıcılıq Mərkəzinə də baş çəkərək buranın fəaliyyəti ilə tanış olub, uşaqlarla görüşüb, onların əl işləri ilə tanış olub. E.Süleymanova yeni istifadəyə verilmiş Şəki Mərkəzi Xəstəxanaya gedərək, müasir texnika və avadanlıqla təchiz olunmuş şöbələrlə tanış olub. Baş həkim tərəfindən xəstəxananın fəaliyyəti barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə