Bakının Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi, Uşaq Hüquqları Klinikası və "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti"nin açılışı keçirilib. SİA-nın xəbərinə görə, açılışda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard və digər qonaqlar iştirak edib.
Qonaqlara məlumat verilib ki, bu təşkilatlar yetkinlik yaşına çatmayan uşaqların baxımsızlığının profilaktikası, onların ailələri ilə sosial reabilitasiya işi, hüquq pozuntusu törədən uşaqların sosial-psixoloji reabilitasiyası istiqamətində fəaliyyət göstərir. Problemlə üzləşən hər bir uşağa psixoloji yardım göstərilir, onların üzləşdikləri çətinliklərin və problemlərin həllinə dair məsləhətlər verilir, müvafiq müraciətlərin lazımi xidmətlər üzrə yönləndirilməsi təmin olunur.
Nazir Fizuli Ələkbərov bildirib ki, səmərəli sosial müdafiə, o cümlədən sosial xidmətlər sisteminin qurulmasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişlənməsinə hər zaman ehtiyac var. Onun sözlərinə görə, nazirlikdə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilir: "Bu əməkdaşlıq isə yetkinlik yaşına çatmayan uşaqların baxımsızlığının profilaktikası, onlara sosial, hüquqi və psixoloji dəstək göstərilməsini əhatə edib. Əldə olunan müsbət təcrübə isə bu istiqamətdəki işləri daha geniş davam etdirməyə əsas yaradır. Hər bir cəmiyyətin əsas obyekti odur ki, öz gələcəyini təmin etsin. Bu sahədə müxtəlif nailiyyətlər əldə edirik. Ancaq ən böyük nailiyyətimiz sosial problemləri olan insanların şəraitinin yaxşılaşdırılması və onlara lazımi qayğının göstərilməsindən ibarətdir. Bu gün dünyanın müxtəlif ölkələrində internat evləri, dövlət müəssisələrindən çıxan uşaqlar cəmiyyətə çox çətin inteqrasiya olunur. Əksər hallarda isə bu kriminal sektorun inkişafına, xəstəliklər və digər neqativ hallara yol açır. Bunun üçünsə uşaq və gənclərin sosial reabilitasiya mərkəzlərinin yaradılması çox vacibdir".
Qeyd edək ki, QHT-lərlə birgə sınaqdan keçirilən sosial reabilitasiya təcrübəsinin gələcəkdə nazirliyin nəzdində yaradılacaq reabilitasiya mərkəzlərində istifadəsi, belə mərkəzlərin fəaliyyətinin müvafiq sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əlaqəli şəraitdə təşkili və bunu dövlət tərəfindən davamlı olaraq dəstəklənməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB