Qəbələdə sutəmizləyici qurğu ilə bağlı tender keçirilir

"Azərsu" ASC Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində Qəbələ şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi üzrə tender elan edib.

ASC-dən SİA-ya verilən məlumata görə, tenderin şərtlərinə əsasən Qəbələ şəhərində çirkab sutəmizləyici qurğular kompleksi yaradılacaq. Çirkab sutəmizləyici qurğunun layihəsi tenderdə qalib gələn təşkilat tərəfindən işləniləcək, eyni zamanda qurğunun istehsal gücü və texnologiyası müəyyən ediləcək.

Tenderin şərtlərinə görə tikinti işləri Avropa standartları əsasında həyata keçirilməlidir. Tenderdə iştirak etmək istəyənlər təkliflərini ingilis dilində təqdim etməli, müsabiqədə iştirak üçün 160 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini iyul ayının 5-dək "Azərsu" ASC-yə təqdim edə bilərlər.

Qeyd edək ki, "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin də yenidən qurulması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...