“Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” kitabı təqdim olundu - FOTOSESSİA

“Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” kitabı təqdim olundu - FOTOSESSİA

Bu gün tədqiqatçı-jurnalist İlham Əliyevin Azərbaycan tarixinin qədim və müasir dövrlərindən bəhs edən "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, yenicə işıq üzü görən kitab Azərbaycanda dövlətçiliyin yaranması, inkişaf mərhələləri və 5 min illik dövlətçilik tarixi olan Azərbaycan ərazisində yaranmış imperiyalara həsr olunub.

Kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəbləri kökündən araşdırılaraq elmi əsaslarla ortaya qoyulub.

Eyni zamanda Azərbaycan xalqına qarşı zaman-zaman törədilmiş soyqırımı siyasəti, Azərbaycan kəndlərinin, qədim yurd yerlərinin boşaldılması tarixi sənədlərin, faktların dili ilə ortaya qoyulub.

Tədbiri giriş sözü ilə açan "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə bildirib ki, bu kitab Azərbaycan oxucusuna yeni töhfələr verərək tariximizlə maraqlanan, izləyən hər bir şəxs üçün olduqca dəyərli və eyni zamanda maraqlı mənbədir: "Tarixən ermənilərin Azərbaycana köçürülməsi, Azərbaycanda İslamın, dini fəlsəfənin inkişafı və müasir dövrdə neft amilinin iqtisadiyyata təsirinin kitabda öz əksini tapması mütərəqqi haldır".

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, hələ 1996-cı ildə ulu öndər Heydər Əliyev Azərbaycan tarixçilərinə tarixin yenidən yazılması ilə bağlı tapşırıqlarını verib: "Onu da qeyd edək ki, tarixin akademik şəkildə öyrənilməyə başlanıldığı son 200 ildə Azərbaycan daima işğal altında olub. Təəssüf ki, akademik şəkildə tarixi öyrənməyə çalışanlar da tarixi həqiqət və gerçəklikləri öyrənmək əvəzinə, ört-basdır ediblər. Bu gün ayrı-ayrı tarixçilər, publisist və jurnalistlər tərəfindən tarixin qaranlıq səhifələri öyrənilərək ərsəyə gətirilir. İşıq üzü görmüş yeni kitab da bu halları özündə əks etdirib".

Kitab haqqında ADPU-nun prorektoru Vilayət Əliyev də öz fikirlərini bildirib. Qeyd edib ki, tarixi faktlara söykənərək yazılan bu kitab bir araşdırmaçı jurnalistin əməyinin məhsuludur. Bu faktlar hər bir oxucu üçün dəyərli hesab olunmalıdır.

"Olaylar" qəzetinin baş redaktoru, bir neçə tarixi kitabların müəllifi Yunis Oğuz isə kitabın müəllifinə məsləhətlərini də əsirgəməyib. Y.Oğuz bildirib ki, kitabda yeni bölmələrin olması, bir neçə Azərbaycan dövlətləri haqqında məlumatların verilməsi kitabın oxucularının sayını artıra bilər.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, bu kitab təkcə tarixi faktlardan ibarət deyil: "Kitabda müxtəlif dövrlərdə baş vermiş siyasi hadisələr də öz əksini tapıb. Həm qədim, həm müasir dövrləri əhatə əsas tarixi faktlar xronoloji ardıcıllıqla, araşdırmalar şəkilində təşkil olunub. Nəşrdə yer alan yazılar bir jurnalistin apardığı araşdırmaların nəticəsidir. Bu kitabda ermənilərin Azərbaycan ərazisinə köçürülməsi, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi konkret tarixi faktlarla göstərilib".

Kitabda tarixin müəyyən mərhələlərinə nəzər salınaraq ermənilərin boş xülyaları, əsassız iddiaları hərtərəfli araşdırılmaqla, tarixi sənədlərlə oxucuların ixtiyarına verilib. Həmçinin yeni nəşrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəbləri elmi əsaslarla araşdırılıb. Kitabda, eyni zamanda, əsrlər boyu Azərbaycana qarşı ərazi iddiaları çıxış edən ermənilərin işğalçılıq siyasəti, xəyanətkar xisləti faktlarla ortaya qoyulur.

Tədbirdə siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev, kitabın "Ön söz"ün müəllifi, tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Elman Nəsirli, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və digərləri çıxış edərək kitab haqqında öz fikir və tövsiyələrini bildirib, müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda çıxış edən kitabın müəllifi İlham Əliyev xoş sözlərə və mərasimdə iştirak etdiyinə görə qonaqlara öz təşəkkürünü bildirib.

"Səs" qəzetinin arxiv materiallarından istifadə olunmaqla qələmə alınmış 210 səhifəlik "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazisinə köçürülməsi" kitabı tarixçilər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə