BMT uşaq hüquqları ilə bağlı Azərbaycanda apardığı müşahidələri açıqlayıb

BMT uşaq hüquqları ilə bağlı Azərbaycanda apardığı müşahidələri açıqlayıb

Milli Məclisdə BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan dövlətində bu sahədə apardığı müşahidələrin yekununa həsr olunan dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin vitse-spiker Bahar Muradova deyib ki, Azərbaycanda BMT-nin Uşaq hüquqlarının müdafiəsi Konvensiyasının yerinə yetirilməsi, icra olunması yönündə də hökumət tərəfindən bir sıra müsbət addımlar atılıb. Onun sözlərinə görə, bu yöndə sonuncu hesabat 2012-ci ilin yanvar-fevral aylarında BMT-nin Uşaq Hüquqlarının Müdafiəsi Komitəsinin 59-cu sessiyasına təqdim olunub. Sözügedən komitədə Azərbaycanda uşaq hüquqlarının vəziyyəti ilə bağlı məsələnin müzakirəsi zamanı çox yaxşı dialoq alınıb. Azərbaycanın bu sahədəki işləri müsbət qiymətləndirilib. O cümlədən, müəyyən çatışmayan məqamlarla bağlı da fikirlər səsləndirilib.

BMT-nin Uşaq Fondunun (UNİSEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard isə vurğulayıb ki, Azərbaycanda insan hüquqlarının müdafiəsinin effektivliyinin artırılması ilə bağlı yeni qanunların qəbuluna ehtiyac var. Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının müdafiəsinin effektivliyinin artırılması, bu yöndə milli dövlət proqramının fəaliyyət dairəsinin genişləndirilməsinə ehtiyac duyulur: \"Hesab edirik ki, dövrün, zamanın tələblərinə uyğun olaraq mövcud qanunvericiliyə yeni dəyişikliklərin edilməsinə ehtiyac var\".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə son illər Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində ən çox işlərin görüldüyünü deyib. Onun fikrincə, bugünki mövcud problemlər digər ölkələrdəki ilə eynidir və onları həll etmək üçün birgə əməkdaşlığa ehtiyac var: "Biz demirik ki, ölkəmizdə uşaq hüquqları sahəsində bütün işlər ideal səviyyədədir. Bütün dünyada olduğu kimi, bu problemlər Azərbaycanda da mövcuddur və biz bunu etiraf edirik".

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, uşaq hüquqları ilə bağlı problemlərin həlli üçün bu istiqamətdə atılacaq addımlardan biri də Azərbaycanda "Yuvenal ədliyyə haqqında" qanun qəbul olunmasıdır. Əli Hüseynli vurğulayəb ki, qanun layihəsi tezliklə Milli Məclisə təqdim olunacaq.

Tədbirin davamında çıxış edənlər də BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan dövlətinə ünvanladığı yekun müşahidələrə öz münasibətlərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə