Gəncədə avtobus sürücülərinə nəzarət gücləndirilib - FOTO

Gəncədə avtobus sürücülərinə nəzarət gücləndirilib - FOTO

Gəncədə ictimai nəqliyyata nəzarət gücləndirilib. Əsasən sərnişin daşıyan avtobus sürücülərinin nizam- intizama cəlb olunması istiqamətində Dövlət Avtomobil Xidmətinin Qərb Regional Bölməsi tərəfindən ciddi tədbirlərin görülməsinə başlanılıb. Tətbiq edilən yeni qaydalara görə, iş vaxtı sərnişin daşıma ilə məşğul olan sürücülər sərnişinlərlə kobud davrana bilməyəcək, siqaretdən istifadə etməyəcək, avtomobilləri harda olsa saxlaya bilməyəcək. Sadalanan qanun pozuntularına yol verən sürücüləri minimum 50, maksimum 100 manat dəyərində cərimə gözləyir. Gəncə regional dövlət avtomobil xidmətinin rəisi Xanoğlan Qasımovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, artıq avtobus və mikro avtobuslara qaynar xətlərin nömrələri yazılıb. İstənilən sərnişin xidmət zamanı sürücünün səlahiyyətlərini aşdığını görsə, lövhədə yazılan nömrələrə zəng edə bilər.

Müsahibimiz qeyd edib ki, həyata keçirilən yeni tədbirlər sürücülərin işlərinə məsuliyyətlə, sərnişinlərə isə hörmətlə yanaşmağa imkan verəcək. Artıq həyata keçirilən işlərin ilkin müsbət nəticələri də qeydə alınır. Rəsmi statistikaya görə, təkcə bir ay ərzində qeyd olunan və digər qanun pozuntularına yol verən 100-dən artıq sürücü cərimələnib. Ümumiyyətlə, avqust ayında ölkənin ikinci böyük şəhərində əhaliyə xidmət göstərən sovet markalı sərnişin avtobus və mikro avtobusları da dövriyyədən çıxarılacaq.


Qeyd edək ki, Gəncə Regional Dövlət Avtomobil Nəqliyyatı İdarəsi Gəncə ilə yanaşı ətraf rayonlara da xidmət göstərir. Başqa sözlə desək, həyata keçirilən tədbirlərə nəzarət Gəncə ətrafı rayonlarda da diqqət mərkəzində olacaq.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə