Azərbaycanda radon qazı ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə ediləcək
İyunun 8-dən 14-dək Cənubi İsveçrənin Tətbiqi Elmlər Universitetinin alimləri Klaudio Valsangiakomo və Markus Hofmann Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutuna gələcəklər. İnstitutdan SİA-ya verilən xəbərə görə, onlar azərbaycanlı həmkarları ilə birgə 2010-cu ildə başlayıb və ölkədə radioaktiv radon qazının yayılma dərəcəsini ölçmək məqsədi daşıyan layihənin yekunlarını müzakirə edəcək.
Layihənin azərbaycanlı həmrəhbəri, Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru professor Çingiz Əliyev bildirib ki, görüş zamanı layihənin davam etdirilməsi barədə də söhbət aparılacaq. Onun sözlərinə görə, "Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi" adlanan layihə İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, Radon qazı Yer kürəsində geniş yayılıb. O, normadan çox olduqda ağciyər xərçənginə aparıb çıxara bilir və bu xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yeri tutur.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB