Yaşar Nuri: "Azərbaycanda belə bir hadisənin olması dünyaya nümunədir"

İstanbulda müalicə olunan Xalq artisti ANS-ə eksklüziv müsahibə verib


Günümüzün baş xəbəri Türkiyədən gəldi. Ağır xəstəlikdən İstanbulda müalicə olunan xalq artisti Yaşar Nurinin səsini nəhayət ki, bu gün eşidə bildik.


Görkəmli sənətkar ANS-ə eksklüziv müsahibə verib. Yaşar Nuri ilk öncə xalqımızı "Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə təbrik edib. Xalq artisti bu əlamətdar hadisə ilə fəxr etdiyini qeyd edib. "Azərbaycan xalqını "Eurovision" mahnı müsabiqəsi münasibəti ilə təbrik edirəm. Böyük qürur hissi keçirirəm ki, böyük ölkələr arasında Azərbaycan da belə bir yarışma keçirir. Buna baxıb sevincimdən sağalıram, cavanlaşıram. Düşünürəm ki, sanki camaat televiziya ilə "Eurovision"a yox, mənə baxır, məni gözləyir. Mən hamını təbrik edirəm. Bu, böyük hadisədir. Azərbaycanda belə bir hadisənin olması dünyaya nümunədir".


Yaşar Nuri doğma vətəni üçün çox darıxdığını da dilə gətirib. Konkret olaraq o, Bakının havası üçün darıxdığını bildirib. "İnanın ki, Bakının havasından heç yoxdur. Azərbaycan gözəldir".


Xatırladaq ki, Yaşar Nuri 191 gün idi ki, normal nitq qabiliyyətini itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə