Avropaya İnteqrasiya Mərkəzi internet hüququ ilə bağlı seminar keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən "Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər" adlı layihənin icrası çərçivəsində növbəti seminar keçirilib. Birlikdən SİA-ya verilən məlumata görə, media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə Azərbaycan Universitetində "İnternet (kommunikasiya) hüququ - İnternetdə informasiya azadlığı, informasiya təhlükəsizliyi və özünütənzimləmə" mövzusunda keçirilmiş seminarda İnternetin modern kütləvi informasiya vasitəsi kimi ictimai əhəmiyyəti, virtual məkanda informasiya azadlığının, özünütənzimləmənin və informasiya təhlükəsizliyinin xüsusiyyətləri müzakirə olunmuş, İnternet istifadəçilərinin və e-jurnalistin hüquq və vəzifələrinə, qlobal şəbəkədə müəlliflik və əlaqəli hüquqların qorunmasına, habelə kibercinayətkarlığa qarşı mübarizə problemlərinə diqqət ayrılıb.

Seminarda qlobal şәbәkәdə informasiyanın yayılması, əldə olunması, ötürülməsi və şəxsi məlumatlarla bağlı insan hüquqlarının müdafiəsi məsələlərini tənzimləyən hüquq normaları haqqında ətraflı məlumat verilib, həmçinin, informasiya müharibəsi, provayderlәrin və xakerlәrin şəbəkədə fəaliyyəti, internet xidmәti göstәrәn qurumlar arasındakı əlaqələr, domen adlarının verilmәsi üzrə müasir beynəlxalq hüquqi problemlər barədə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Xatırladaq ki, layihə çərçivəsində həmçinin, "Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi" kitabının (dərs vəsaitinin) çap olunaraq ali məktəblərdə və geniş ictimaiyyət arasında yayımı da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...