Ombudsman Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkib

Ombudsman Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkib, buradakı saxlanılma şəraiti ilə tanış olub. SİA-nın xəbərinə görə, müvəkkil başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında saxlanılan şəxslə, saxlanılan doqquz qadınla, eləcə də təcridxanada saxlanılan yetkinlik yaşına çatmayan beş şəxslə görüşüb, onların saxlanılma şəraiti, qidalanması, tibbi xidmətin səviyyəsi, müəssisə əməkdaşlarının həmin şəxslərlə rəftarı ilə maraqlanıb. Saxlanılan şəxslər təcridxanadakı şəraitdən narazı olmadıqlarını söyləyib, onlara baş çəkdiyi üçün Ombudsmana minnətdarlıqlarını bildiriblər.

Bununla yanaşı, görüş zamanı bəzi saxlanılanlar barələrində aparılan istintaqın qeyri-obyektiv olması ilə bağlı Müvəkkilə müraciət ediblər. Şikayətləri qəbul edən Müvəkkil qaldırılan məsələlərlə bağlı tədbir görülməsi üçün müvafiq dövlət orqanlarına müraciət edəcəyini bildirib, saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə