Ombudsman Gəncədə ictimai dinləmələr keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikada İnsan Hüquqları aylığı keçirilir. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, aylığın məqsədi il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirməkdir.

İnsan hüquqları ilə bağlı qurumlar, habelə dövlət orqanları, QHT-lər və digər aidiyyəti təşkilatlar ötən il ərzindəki fəaliyyətlərində olan irəliləyişlər və problemlər üzrə müxtəlif tədbirlər, müzakirələr təşkil edir, aylıq çərçivəsində keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək tədbirlər haqqında məlumatı, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini Ombudsmana təqdim edirlər. Həmin aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.

Görülən işlər yekunlaşdırılacaq, ümumiləşdirilərək YUNESKO-nun dəstəyi ilə Bakı şəhərində 2012-ci il 18-20 iyun tarixlərində keçiriləcək Ombudsmanların X Bakı Beynəlxalq konfransında təqdim olunacaqdır.

Bu aylıq çərçivəsində ilk tədbir Müvəkkilin təşəbbüsü ilə Gəncə şəhərində keçirilibr. Tədbirdə Milli Məclisin deputatı, Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli, Gəncə, regiondakı ətraf şəhər və rayonlar -- Naftalan, Göygöl, Goranboy, Şəmkir, Samux, Daşkəsən, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, habelə Yevlax, Mingəçevir icra hakimiyyətlərinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələri, alimlər, çoxsaylı müəllim və tələbələr iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini tədbiri açaraq, Ombudsmanı salamlayıb, bu ictimai dinləmənin əhəmiyyətini vurğulayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, mövzu ilə bağlı öz mülahizələrini bildirib. E.Süleymanova səfər çərçivəsində Gəncədəki Uşaq evinə baxış keçirib, orada uşaqların şəraiti, onların asudə vaxtlarının təşkili, qidalanması, müəyyən yaş həddinə çatanların taleyi ilə maraqlanıb, onlarla söhbət aparıb, müəssisə rəhbrəliyi ilə bəzi uşaqların problemlərinin həlli məsələləri müzakirə edilib, müvafiq tövsiyələr verilib və gələcəkdə də sıx əməkdaşlığın davam etdiriləcəyi bildirilib.

Ombudsman habelə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına və Gəncə şəhər psixiatriya xəstəxanasına da növbəti başçəkmələr həyata keçirib, saxlanılan şəxslərlə və xəstələrlə görüşüb, həmin müəssisələrin rəhbərlərinə öz tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə