Əli Həsənov: “Heç bir ərazi dəyişdirilməsindən söhbət gedə bilməz” - MÖVQE
"Azərbaycan və Gürcüstan arasında SSRİ zamanı məlum sərhədlər var idi, müstəqillik illərində isə bu sərhədlərin delimitasiyası işləri aparılıb. Həmin kilsənin ərazisinin Azərbaycana aid olduğu, Azərbaycan tərəfdən həmin ərazinin qorunmalı olduğu təsdiqlənib". SİA-nın xəbərinə görə, Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, bəzi dairələr Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərindən narahatdır və onu pozmağa çalışır.
PA rəsmisinin sözlərinə görə, buna görə də David Qareci monastrının hansı ərazidə yerləşməsi məsələsini gündəmə gətirirlər.
"Bunu Gürcüstanın bir sıra dini qrupları gündəmə gətirib və bu məsələni şişirtməyə çalışır. Bəzən Azərbaycanda da bir qrup şəxs Borçalı məsələsini dilə gətirirlər. Lakin biz BMT tərəfindən təsdiq olunmuş ərazi vahidlərinə sadiq qalırıq. Heç bir ərazi dəyişməsindən söhbət gedə bilməz. Biz Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırıq", - deyə Ə.Həsənov qeyd edib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə vurğulayıb ki, bu gün Gürcüstanla Azərbaycan arasında ərazilərlə bağlı heç bir problem yoxdur. Bu məsələnin xarici işlər nazirləri tərəfindən də müzakirə olunduğunu deyən nazirlik rəsmisi bildirib ki, məsələyə hüquqi tərəfdən baxılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB