Əli Həsənov: \"Azərbaycan dövləti Bakıya gəlmiş bütün qonaqların təhlükəsizliyinə tam təminat verir\"

Əli Həsənov: \"Azərbaycan dövləti Bakıya gəlmiş bütün qonaqların təhlükəsizliyinə tam təminat verir\"

Azərbaycanda keçiriləcək beynəlxalq "Eurovision" mahnı müsabiqəsində iştirak etmək üçün 20 minə yaxın qonaq gəlib. SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu günlərdə mühüm və əlamətdar hadisəyə ev sahibliyi edəcək Azərbaycana gələcək qonaqların sayı hələ artacaq. Onun sözlərinə görə, ölkəyə gələnlər arasında mahnı müsabiqəsinə tamaşa etmək istəyən turistlər, yarışmanı işıqlandırmağa gələn KİV nümayəndələri və digər qonaqlar var.

Ə.Həsənov vurğulayıb ki, bütün sahələr üzrə hazırlıq işləri normal gedir. PA rəsmisi qeyd edib ki, Azərbaycan dövləti bütün sahələrdə bu yarışmaya ciddi hazırlaşıb, bütün lazımi tədbirləri görüb: "Bütün müvafiq qurumlar, bütün nəqliyyat infrastrukturu tam hazır vəziyyətə gətirilib və yarışmanın başlamasına hazırdır. Azərbaycan dövləti Bakıya gəlmiş bütün qonaqların təhlükəsizliyinə tam təminat verir. Ölkənin ictimai-siyasi təhlükəsizliyi ilə bağlı bütün qabaqlayıcı tədbirləri görüb. Biz bunu yalnız \"Eurovision\" üçün deyil, il boyu öz vətəndaşlarımızı qorumaq üçün görürük, lakin \"Eurovision\" mahnı yarışması zamanı xüsusi gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə