Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycana dair tövsiyələrin icrası vəziyyəti ilə bağlı müzakirə keçirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, habelə digər dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Ombudsman Elmira Süleymanova bildirib ki, insan hüquqları sahəsində yaranan yeni institut və mexanizmlər sırasında BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) tərəfindən həyata keçirilən Universal Dövri İcmal mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycanın BMT qarşısında öz üzərinə götürdüyü öhdəliklərdən biri də UDİ mexanizmi ilə bağlıdır. BMT-nin bu yeni mexanizmi üzv dövlətlərin insan hüquqları sahəsində öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini aşkarlamağa imkan verir.
Müvəkkil bildirib ki, Ombudsman təsisatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən hələ 2006-cı ildə Avropanın 10 nüfuzlu ombudsman institutu sırasında "A" statusu ilə akkreditasiya olunub. Bu status Ombudsman təsisatına BMT-nin saziş qurumlarına, eləcə də İHŞ-ə hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanması işində iştirak etmək, bu hesabatlarla bağlı öz rəyini bildirmək, alternativ hesabatlar hazırlamaq və insan hüquqları sahəsində dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələrin monitorinqini həyata keçirmək səlahiyyətləri verir.
Xarici İşlər nazirinin müavini Xələf Xələfov ölkədə digər sahələrdə olduğu kimi, insan hüquqları üzrə də mühüm islahatların aparıldığını, dövlət siyasətində insan hüquqlarının müdafiəsinin prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Nazir müavini həmin tövsiyələrin icrası vəziyyəti haqqında geniş məlumat verib. O qeyd edib ki, təmsil etdiyi dövlət qurumu adı çəkilən istiqamətdə Ombudsmanla sıx əməkdaşlıqda fəaliyyət göstərir. Müvəkkilin Xarici İşlər Nazirliyi ilə birgə UDİ üzrə Aralıq hesabatı hazırladığı və İnsan Hüquqları Şurasına təqdim olunduğu nəzərə çatdırılıb. UDİ prosesi ilə bağlı müvəkkilin müntəzəm olaraq, verilən tövsiyələrin icrası vəziyyətinin monitorinqini apardığı vurğulanıb, vətəndaş cəmiyyəti təsisatlarının UDİ prosesində iştirakı barədə məlumat verilib, insan hüquqları sahəsində QHT-lərin alternativ hesabatlar hazırladığı bildirilib. Bu istiqamətdə əməkdaşlığın zəruriliyi önə çəkilib.
Qeyd olunub ki, gələn il Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında ikinci məruzə ilə çıxış edəcək. Tədbirdə belə nəticəyə gəlinib ki, adı çəkilən beynəlxalq qurumun bu ilin iyununda keçiriləcək növbəti sessiyasına Azərbaycanda UDİ-nin hazırkı vəziyyəti haqqında məlumat göndərilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB