Gənclər və İdman Nazirliyində YAP GB-nin üzvləri ilə görüş keçirilib-FOTOSESSİYA
Bu gün Gənclər və İdman Nazirliyində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkədə gənclərin inkişafı, onların cəmiyyətə inteqrasiya olunmasına xüsusi diqqət və qayğı göstərilib. Onun sözlərinə görə, bu gün Azərbaycan gəncliyi dövrlə ayaqlaşaraq, zamanın nəbzini tutaraq sürətlə inkişaf edir. Gənclərin cəmiyyətin müxtəlif sahələrin inkişafına töhfələr verdiyini deyən A.Rəhimov vurğulayıb ki, onlar dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında fəal təmsil olunurlar.
Nazir qeyd edib ki, Dövlət Gənclər siyasətinin əsas fəaliyyət istiqamətlərindən biri olan gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, xüsusilə də onlar arasında cinayətkarlığın, narkomanlığın, QİÇS-in və digər neqativ halların profilaktikası sahəsində işin aparılması daim diqqət mərkəzində olub.
"Hər dövrün öz tələbi var. Bu gün Azərbaycan gənclərinin inkişafını və potensialını həm daxildə gedən proseslərdə, həm də beynəlxalq tədbirlərdə görmək mümkündür. Gənclərimiz müasir texnologiyanın tətbiqi sahəsində, həmçinin sosial şəbəkələrdə uğurlu fəaliyyət göstərirlər. Biz gənclərimizin potensialından istifadə edərək Azərbaycanın dünyada tanınması istiqamətində layihələrdən bəhrələnmək istəyirik", - deyə o əlavə edib.
Gənclərin təşkilatlanması istiqamətində xeyli işlərin görüldüyünü deyən A.Rəhimov bildirib ki, görülən işlərin nəticəsi olaraq 1995-ci ildə Gənclər Təşkilatları Milli Şurası, 2004-cü ildə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, 2005-ci ildə "İrəli" İctimai Birliyi və digər gənclər təşkilatları yaradılıb: "Azərbaycanın sürətli inkişafını gözü götürməyən işğalçılar ölkəmizə qarşı hər zaman mənfi çıxışlar səsləndirib, müxtəlif yazılar dərc ediblər. Bunların cavabını isə vətənini sevən, prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və ölkədə fəaliyyət göstərən digər gənclər təşkilatlarının üzvləri verməlidir".
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə bildirib ki, bu gün Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Onun sözlərinə görə, Azərbaycan gəncliyi bu gün ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir: \"Onlar siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Ölkədə gənclərlə bağlı keçirilən bütün layihələr və işlərə dövlət və prezident İlham Əliyev tərəfindən güclü dəstək verilir.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ölkəmizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir\"\".
Daha sonra S.Orucov YAP Gənclər Birliyinin gənclərlə bağlı gördüyü işlər barədə ətraflı məlumat verib. O bildirib ki, Yeni Azərbaycan Partiyasının yeni heyəti seçilib, əsas fəaliyyət və prioritetlər müəyyənləşib. Ölkədə gənclərin inkişafı ilə bağlı prioritet müəyyənləşib ki, bunlara da beynəlxalq əlaqələrin, regional əlaqələrin inkişafı və gənclər arasında ideologiya işinin aparılmasıdır. Onun sözlərinə görə, hakim partiyanın Gənclər Birliyi tərəfindən yay məktəbləri də təşkil olunub. Bu məktəblər həm gənclər arasında əlaqələrin yaranmasına, həm də onların cəmiyyətin bir nümayəndəsi kimi inkişaf etməsinə şərait yaradır. Ötən il təşkil olunan yay məktəblilərində 600-dən çox gənc iştirak edib.
Daha sonra görüşdə nazirlə gənclər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB