"Laçınsız" filminin təqdimatı keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Laçınsız" filminin təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət rəsmləri və ictimai xadimlər iştirak edib. SİA-nın verdiyi məlumata görə, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək Laçın və Şuşa rayonlarının erməni hərbi birləşmələri tərəfindən işğal olunmasının səbəblərindən və bu işğala rəvac verənlərin əməllərindən danışıb.


Tədbirdə həmçinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov çıxış edib və rayonun işğalı zamanı baş verənləri xatırlayaraq bunu erməni vəhşiliyinin daha bir nümunəsi olduğunu deyib.


Mərasimdə həmçinin Laçının işğalı zamanı valideynlərini və görmə qabiliyyətini itirən Qurbaniyə də çıxış edib. 20 yaşlı qızın urək ağrıdan sözləri hər kəsi kövrəldib: "Ürəyim suallarla doludur. Kim onlara cavab verəcək? Mənim günahım nə idi? Anamın günahı nə idi? Bəs anamın bətnində daşıdığı o körpənin günahı nə idi? Mən 20 ildir işıq üzünə həsrətəm. Burdan Sarksyana müraciətim var - sənin iki qızın var, onların hər ikisinin bir gözünü mənə ver. Amma sən bəlkə də verərsən, mən qəbul etmərəm. Çünki mən sən deyiləm. Mənim itirdiyim heç nə geri dönməz, bir Laçınımdan başqa. Laçınımı, torpağımı istəyirəm. Mənim ana yurdumu qaytarın".


Tədbirin davamında "Laçınsız" filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...