“UNİVİSİON” mahnı müsabiqəsinin final mərhələsi keçirilib

Bu gün Heydər Əliyev adına Sarayda Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında keçirilən "UNİVİSİON" mahnı müsabiqəsinin final mərhələsi keçirilib. SİA-nın xəbərinə görə, müsabiqə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşklatçılğı ilə baş tutub. Finalda 13 ali məktəbin tələbələri birincilik uğrunda mübarizə aparıb. Bu ali məktəblərə Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Kooperasiya Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Bizness Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Dövlət Dillər Universiteti daxildir.


Hər bir tələbənin çıxışından öncə onun yarımfinaldakı çıxışını əhatə edən 40 saniyəlik çarx yayımlanıb.


Tələbələr çıxış etdikdən sonra münsiflər heyəti və tələbələrdən ibarət gizli şura müzakirələr üçün bir araya toplanıb. Münsiflər heyətinin tərkibinə Respublikanın əməkdar artisti Tünzalə Ağayeva, məşhur dizayner Gülnarə Xəlilova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman nazirliyinin əməkdaşları Elnur Abdullayev və Elnar Mehdiyev daxil idilər. Onların seçimi ilə "Univision" müsabiqəsi finalının qalibləri müəyyənləşib. Bakı Musiqi Akademiyası müsabiqənin ən yüksək mükafatına layiq görülüb.


1-ci yerin qalibinə "Univision" layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim edilib. Bundan əlavə qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq.


Qeyd edək ki, müsabiqənin devizi qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq "Birinci ol" adlandırılıb. Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bunula yanaşı, Avropa Universitetlərinin də "Univision" tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə