Şimal-qərb bölgəsində baş vermiş dağıdıcı zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlər və ictimai binaların sayı günbəgün artır.
FHN-in Zaqatala şəhərində yaradılmış operativ qərargahından AzərTAc-a bildiriblər ki, işçi qrupları indiyədək Zaqatala, Qax və Balakən rayonlarında 3930 evə baxış keçiriblər. Mayın 17-nə olan məlumata görə, zəlzələ bölgəsində tam qəzalı vəziyyətə düşmüş yaşayış binalarının sayı artıq 1092-yə çatıb. İki gün əvvəl isə belə evlərin sayı 958 olub. Bundan əlavə, 827 evdə bərpa və gücləndirmə tədbirləri həyata keçirilməli, 1118 ev isə təmir olunmalıdır. Baxış keçirilmiş 893 evin vəziyyəti isə qənaətbəxş hesab olunub.
İşçi qrupları, eyni zamanda, zəlzələ bölgəsində 377 ictimai binaya baxış keçiriblər. Araşdırmalar nəticəsində 57 binanın qəzalı vəziyyətə düşdüyü, 27 binanın bərpa və gücləndirməyə, 244 binanın isə təmirə ehtiyacı olduğu məlum olub.
Fövqəladə Hallar Nazirliyi tərəfindən indiyədək zəlzələdən zərər çəkənlərə 4236 çadır, o cümlədən Zaqatala rayonu üzrə 2958, Qax rayonu üzrə 1216, Balakən rayonu üzrə 40, həmçinin digər məqsədlər üçün 22 çadır paylanıb. Ehtiyac nəzərə alınaraq, zərər çəkmiş ailələrin yerləşdirilməsi üçün mayın 17-də operativ qərargaha daha 1000 çadır gətirilib.
Zəlzələ bölgələrində, çadır şəhərciklərində əhalinin sağlamlığının qorunması, ərzaq və içməli su ilə təmin olunmaları üçün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB