Sənan Hüseynov: “Müxalifət mətbuatındakı yazılarda qeyd olunanların heç biri həqiqətə uyğun deyildir” - AÇIQLAMA

Sənan Hüseynov: “Müxalifət mətbuatındakı yazılarda qeyd olunanların heç biri həqiqətə uyğun deyildir” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu günlərdə bəzi müxalifət yönümlü kütləvi informasiya vasitələrində qaçqın və məcburi köçkünlərlə bağlı həqiqətə uyğun olmayan müəyyən məlumatlar dərc ediblər. Məlumatda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 51 ünvanında yerləşən 100-ə yaxın məcburi köçkün ailəsi zorla zirzəmiyə köçürülür.

Bu məsələyə aydınlıq gətirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbə müdiri Sənan Hüseynov SİA-ya açıqlamasında bildirib ki, həmin yazılarda qeyd olunanların heç biri həqiqətə uyğun deyildir.

"Qeyd etmək istəyirik ki, Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 51 ünvanında yerləşən İdarəetmə və Texnoloğiya Kollejinin yataqxanasında müvəqqəti məskunlaşmış uzun illərdir ki, çox ağır, dözülməz, heç bir yaşayış standartlarına cavab verməyən şəraitdə yaşayan məcburi köçkün ailələrinin həmin ünvandan köçürülmələrinə zərurəti yaranıb. Bununla bağlı dövlət tərəfindən adıçəkilən ünvanda müvəqqəti məskunlaşan məcburi köçkünlərin başqa yaşayış sahəsi ilə təmin edilmələri üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri, Binəqədi rayonu ərazisində inşa edilən yeni binalarda mənzillər alıb və həmin mənzillər yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən, bütün növ kommunal xidmətləri ilə təmin olunan, tam təmirli mənzillərdir. Məcburi köçkünlərin köçürüldükləri binada olan mənzillərin hamısı yaşayış sahəsi olmaqla, heç bir ailə qeyri-yaşayış sahəsinə köçürülməyiblər. Bundan əlavə, məcburi köçkünlərin adı çəkilən ünvana köçürülmələri onların kommunal xidmətlərlə təmini və sosial problemlərinin operativ həlli baxımından məqsədəuyğun hesab edilir. Köçürülmə obyektivliyi və şəffaflığı təmin etmək üçün məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Rayon İcra Hakimyyətinin, işğal olunmuş Rayon İcra Hakimyyətinin, məcburi köçkünlərin icmalarının nümayəndələrinin və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət Komissiya tərəfindən mənzillərin püşkatma yolu ilə bölüşdürülməsi ilə həyata keçirilir.

Müxalifət yönümlü kütləvi informasiya vasitələrində yazılan yazılar, bir daha bu cür yazılarla dövlətin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi geniş miqyaslı tədbirlərə kölgə salmaq və onlar arasında narazılıq yaratmaq məqsədini daşıyır. Lakin məcburi köçkünlər daim ölkə başçısının siyasətini dəstəkləyir və onlarla baglı həyata keçirilən tədbirləri çox yüksək qiymətləndirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə