"Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər" mövzusunda beynəlxalq konfransın təşkilatçıları Laçının işğalının qeyd olunması təklifini qəbul etmədilər
"Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransın təşkilatçıları Laçın rayonunun Ermənistan dövləti tərəfindən işğal gününün qeyd olunması və bu münasibətlə bir dəqiqəlik sükutun elan olunması ilə bağlı təklifi qəbul etməyib. Konfransın gedişində "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbirin təşkilatçılarından olan Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutu" İctimai Birliyinin sədri Emin Hüseynova müraciət edərək may ayının 17-də Laçın rayonunun işğalının ildönümü olduğunu xatırladıb və beynəlxalq nümayəndələrin iştirak etdiyi bu tədbirdə işğal faktı ilə bağlı məlumat verilməsini və işğal zamanı həyatını itirmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif edib. Lakin konfrans təşkilatçıları bu təklifi qəbul etməyiblər.
Bundestaqın Yaşıllar Partiyasından olan üzvü Volker Bek Azərbaycanın ərazi bütövlüyünü tanımır
"Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Almaniya Bundestaqının Yaşıllar Partiyasının olan üzvü Volker Bek tədbirdəki çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib. Millət vəkili Çingiz Qənizadənin "Sizin Dağlıq Qarabağ münaqişəsinə münasibətiniz necədir? Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınızmı?" şəklində suallarına cavab olaraq, almaniyalı parlamentari müxtəlif manevrlərlə suala cavab verməkdən imtina edib. Əvəzində isə "Mən istənilən problemin sülh danışıqları vasitəsilə həllini istəyirəm. Avropada da yəqin ki, belə düşünürlər. Eyni zamanda, Dağlıq Qarabağdakı azlıqların hüquqlarının tam təmin edilməsini istəyirəm" kimi gözlənilməyən cavab verib.
Əslində, bu faktın özü belə həm bu şəxsin Azərbaycana münasibətinin, həm də onu konfransda məruzəçi kimi Bakıya dəvət edən tədbir təşkilatçılarının milli problemlərimizə münasibətinin ifadəsidir.
Xədicə İsmayılova "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetlərini təhqir etdi
"Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda "Azadlıq" radiosunun keçmiş əməkdaşı Xədicə İsmayılova "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetlərinin ünvanlarına təhqir və böhtanlar səsləndirib. O, konfransdakı çıxışı zamanı bu qəzetləri heç bir əsas olmadan "şantajçı" adlandırıb. X.İsmayılovanın bu fikirlərinə cavab verən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "şantajçı" ifadəsinin bu mətbuat orqanları üçün təhqir olduğunu vurğulayıb və Xədicə İsmayılovanı bu ifadəsinə görə, sözügedən qəzetlərdən üzr istəməyə çağırıb: "Çünki biz onu şantaj etməmişik, barəsində fikirlərimizi bildirmişik"".
Baş redaktor, həmçinin, deyib ki, X.İsmayılovanın heç bir əsas və fakta söykənmədən mətbuat orqanlarını bu cür təhqir etməsi, onun obyektivliyini şübhə altına alır: "Bu isə onun araşdırma yazılarının da obyektivlikdən uzaq olduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB