Sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətləri göstərilir-FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov və nazirliyin müvafiq strukturlarının məsul şəxsləri Bakı şəhərinin Yasamal rayonunda sağlamlıq imkanları məhdud (əqli geriliyi olan) uşaqlara göstərilən icma əsaslı reabilitasiya xidmətlərinə baxış keçiriblər. Nazirlikdən SİA-ya verilən xəbərə görə, bu xidmətlər zamanı yüksək keyfiyyətli təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən funksional qiymətləndirmə, aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsullarından istifadə olunaraq, uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün onlarda zəruri bacarıq və vərdişlər yaradılır.
Reabilitasiya xidmətlərini həyata keçirən mütəxəssis heyəti və bu xidmətlərə cəlb olunmuş uşaqların valideynləri ilə görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, möhtərəm Prezident İlham Əliyevin düzgün düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq keyfiyyətcə yeni inkişaf mərhələsində inamla addımlayan, müasir dövlət quruculuğunun geniş vüsət aldığı Azərbaycanda sosial xidmətlər sisteminin də mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi proseslərinə başlanılıb.
Bu proseslərin tərkib hissəsi kimi, sağlamlıq imkanları məhdud (əqli geriliyi olan) uşaqlara daha səmərəli reabilitasiya xidmətlərinin göstərilməsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birinə çevrilib.
Hələ 2008-ci ildə "Sosial Xidmətlər Təşəbbüsü" ilə birgə Quba və İsmayıllı rayonlarında ölkədə ilk dəfə olaraq səyyar reabilitasiya xidmətləri layihəsinə start verilib. 2012-ci ilin əvvəllərindən isə ilk dəfə dövlət sifarişi əsasında Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ilə birgə Bakı, Sumqayıt, Gəncə, Xaçmaz və Şəkidə sağlamlıq imkanları məhdud (əqli geriliyi olan) uşaqlar üçün icma əsaslı reabilitasiya xidmətlərinin pilot layihəsinin icrasına başlanıb. Uşaqların valideynləri belə layihələrin olduqca əhəmiyyətli olduğunu qeyd edərək, bu sahədə görülən işləri uşaqlara diqqət və qayğının real ifadəsi kimi dəyərləndiriblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB