QHT-yə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi" layihəsi çərçivəsində "Reklamın dəyişdirilməsi, onun verilməsi üsulları və qanunvericiliyə dəyişiklik edilməsi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən layihənin rəhbəri Elman Cəfərli qeyd edib ki, bu gün kütləvi informasiya vasitələrində böyük miqdarda reklamların görünməsindən 15 il ötsə də bütün bu müddət ərzində reklamın vacibliyi, onların mənəvi aspektləri və qanunvericilik təminatı barədə mübahisələr səngimir: "Bizim layihəmizin əsas məqsədi ölkə sakinlərinin reklama olan münasibətini öyrənməkdir. Bununla bağlı Bakı və Muğan bölgələrindən müxtəlif yaş qruplarından olan sakinlərin fikirləri öyrənilib, reklama olan münasibətləri dəqiqləşib. Qeyd etməliyəm ki, keçirdiyimiz sorğu nəticəsində sakinlərin əksəriyyəti belə qənaətə gəlib ki, reklam əhalinin böyük bir hissəsini əsəbiləşdirir və qıcıqlandırır, daha az adamlar onun köməyi ilə pul qazanır. Hətta bəzi sakinlər elə düşünür ki, KİV-lərin normal fəaliyyət göstərməsi üçün reklam əsas gəlir mənbəyi kimi vacibdir. Buna əsasən də KİV-lərdə reklamın verilməsi, öyrənilməsi və tədqiqatı olduqca mürəkkəb və vacib məsələdir".

Tədbirdə çıxış edən "Yeni Həyat" İctimai Birliyinin sədri Müşfiq Həsənov isə bildirib ki, bu gün Azərbaycan teleməkanında fəaliyyət göstərən reklamların milli standartlara cavab verməməsi çox ciddi məsələdir: "Reklamı hazırlayıb ərsəyə gətirən istehsalçı bəzən fikrini istehlakçıya dəqiq şəkildə çatdıra bilmədiyi üçün bu sahədə irəliləyişin kifayət qədər ürək açan olmamasına şərait yaradır. İstehlakçının maraqlarına uyğun gəlməyən reklamlar təbii ki, əhalinin zövqünü korlayır. İstənilən istehlakçı reklamı düzgün təşkil etmədikdə uğursuz alınır. Onu da qeyd etməliyəm ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda reklamın mükəmməlləşdirilməsi istiqamətində işlər aparılır. Mən ümid edirəm ki, bugünkü müzakirələrimizdən sonra reklam sahəsində yaxşılığa doğru irəliləyişlər olacaq".

Daha sonra tədbir müzakirələr əsasında davam etdirilib.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə