\"Səs\" qəzeti Laçın rayonun işğalı ilə bağlı dəyirmi masa keçirib - FOTOSESSİYA
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 20 il ötür. Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək 1992-ci il, mayın 18-də Laçını işğal edib.
Laçının işğalı ilə bağlı "Səs" qəzetində dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Laçın" qəzetinin redaktoru Mayıl Xanlar, şəhid ailəsi İzzət Səlimov, Laçın alayının keçmiş komandiri Arif Paşa, Qarabağ müharibəsi veteranı Növrəstə Yusifova, Höküməkənd İcra nümayəndiliyinin mühasibi Etibar Quliyev və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı Laçının işğalı ilə bağlı məlumat verib. Bildirib ki, erməni terrorçuları 1992-ci il mayın 17-də Laçın rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.
Daha sonra tədbirdə çıxış edən Laçın alayının keçmiş komandiri Arif Paşa həmin hadisələrin təfərrüfatı ilə açıqlayıb: "Laçın Azərbaycanın müstəqilliyi uğrunda savaşan qüvvələrlə müstəqilliyin əleyhinə olan qüvvələr arasındakı mübarizənin nəticəsində işğal olunub. Günahkar axtaranda gərək o zamankı siyasi hadisələri də nəzərdən keçirək. Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyən qüvvələr var idi. Laçının işğalı Azərbaycan torpaqlarının taleyini şübhə altına qoyurdu. Əslində Laçının işğalı həm də Rusiyanın burdakı diktəsinin təzahürü idi. Bütün əsgərlər və zabitlər ürəklə döyüşürdülər".
Tədbir müzakirələr ətrafında davam edib.
Haşiyə: Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr, əhalisi işğala qədər 64 min nəfər olub. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Qeyd edək ki,
sözügedən rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217
mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi
hazırda işğal altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB