Qarabağ atları Böyük Britaniya Kraliçası II Elizabetin taxta çıxmasının 60 illik yubiley tədbirlərində-FOTOSESSİYA
Böyük Britaniya Kraliçası II Elizabetin taxta çıxmasının 60 illik yubileyi ilə bağlı keçirilən
tədbirlər çərçivəsində 10-13 may tarixlərində Böyük Britaniya krallarının rəsmi iqamətgahlarından olan tarixi Vindzor Qəsrinin ərazisində "The Diamond Jubilee
Pageant" adlı təntənəli at şousu keçirilib. Şouda dünyanın bir sıra ölkələri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib. Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, 5 gün ərzində keçirilən təntənəli şouda təxminən 1200 nəfər və 550-dən çox at iştirak edib, şou ölkənin "The Times", "The Daily Mail" kimi aparıcı qəzetlərində geniş işıqlandırılıb.
Azərbaycan Atçılıq Federasiyası, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmiz sözügedən at şousunda iştirak edib. Azərbaycandan gələn nümayəndə heyəti Azərbaycan Atçılıq Federasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrindən və Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərindən ibarət olub. Azərbaycanın Qarabağ atlarının və Dövlət Rəqs Ansamblının yüksək səviyyəli çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və alqışlanıb. Tədbir çərçivəsində Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən yaradılan və Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini, müasir inkişafını və milli atçılığın nailiyyətlərini əks etdirən xüsusi guşə şou iştirakçılarının marağına səbəb olub, xanəndə Rəvanə Ərəbovanın ifasında milli müsiqi parçaları böyük rəğbətlə dinlənilib.
11 may tarixdə Böyük Britaniya Kraliçası II Elizabet tədbirdə iştirak edən ölkələrin təmsilçilərini öz iqamətgahında - Vindzor qəsrində qəbul etmişdir. Bu münasibətlə təşkil olunmuş ziyafətdə digər ölkələrlə yanaşı, Azərbaycanın nümayəndə heyəti də iştirak edib. Tədbirdə Azərbaycandan gələn nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev, eləcə də Səfir Fəxrəddin Qurbanov və Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB