Gürcüstan nümayəndələri tullantıların idarəolunması sahəsində Azərbaycanın təcrübəsini öyrənir - FOTO

Gürcüstan nümayəndələri tullantıların idarəolunması sahəsində Azərbaycanın təcrübəsini öyrənir - FOTO

Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən "Tullantıların idarəedilməsi -AQTA Şərq" layihəsi çərçivəsində Gürcüstan nümayəndələri Azərbaycana tanışlıq səfəri edib. "Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycanda tullantıların idarəolunması sahəsində irəliləyişlərlə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaq olub.

"Təmiz Şəhər" ASC-nin fəaliyyəti və reallaşdırdığı layihələrlə tanış olmaq məqsədilə "Tullantıların idarəedilməsi – AQTA Şərq" layihəsinin Gürcüstan üzrə koordinatoru İrakli Legaşvili, layihənin milli koordinatoru Alverd Çankseliani və Gürcüstanın Tullantıların İdarəolunması Şirkətinin rəhbəri Nuqzar Kevilişvili səfər çərçivəsində Balaxanı qəsəbəsində olublar.

"Təmiz Şəhər" ASC-nin İdarə heyətinin sədr müavini Etibar Abbasov qonaqları Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu, Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu, bərk məişət tullantılarının çeşidlənməsi zavodunda aparılan tikinti-quruculuq işləri ilə tanış edib. Etibar Abbasov qonaqlara Balaxanı bərk məişət tullantılarının yandırılması zavodunun iş mexanizmi haqqında məlumat verib və bu zavodun istehsalat gücünə görə, Şərqi Avropa və MDB məkanında ən iri bu tipli zavod olduğunu qeyd edib. Gürcüstanlı nümayəndələrə həmçinin illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan bərk məişət tullantılarının çeşidlənməsi zavodu haqda məlumat verilib, həmçinin zavodun cari ilin ortalarında istismara veriləcəyini bildirib. "Tullantıların idarəedilməsi –AQTA Şərq" layihəsinin nümayəndələrinə poliqonda aparılan işlər haqqında da geniş məlumat verilib, buranın 2014-ci ilədək dünya sanitariya standartlarına tam cavab verəcək poliqona çevriləcəyi vurğulanıb.

Nümayəndələr öz növbələrində tullantıların idarəolunması sahəsində Gürcüstanda reallaşdırılan layihələr haqqında məlumat verib və "Təmiz Şəhər" ASC tərəfindən görülən işləri yüksək qiymətləndirmiş, Azərbaycanın təcrübəsinin region ölkələr üçün uğurlu nümunə ola biləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə