Qanun layihələri parlamentin plenar iclasına çıxarılıb

Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Arif Rəhimzadə müzakirəyə çıxarılan məsələləri toplantı iştirakçılarının diqqətinə çatdırıb. SİA-nın xəbərinə görə, iclasda ilk olaraq "Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında" məsələyə baxılıb. Arif Rəhimzadə Nətavan qəsəbə inzibati ərazi dairəsinin və onun tərkibində olan Nətavan qəsəbəsinin Natəvan adlandırılmasının daha məqsədəuyğun olduğunu deyib.

Sonra "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunlara ediləcək dəyişikliklər barədə məlumat verilib. Qeyd olunub ki, bu sənədlərin bələdiyyələrin icra aparatının fəaliyyəti ilə bağlı hissəsində müvafiq əlavənin edilməsi nəzərdə tutulub. Əlavəyə əsasən, bələdiyyənin icra aparatı bələdiyyənin, onun komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Aparatın struktur bölmələrinin rəhbərləri isə görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, həmçinin komissiyaların iclaslarındakı səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.

Komitə sədri daha sonra "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" sənədə dair açıqlama verib. Bildirilib ki, siyahının "Gədəbəy rayonu" bölməsinə aid olan bir sıra yer adlarında müvafiq zəruri düzəlişlər edilib. İclasda çıxış edən komitə üzvləri gündəlikdəki məsələlər barədə öz fikirlərini söylədilər, sənədlərə təklif olunan dəyişikləri məqbul hesab etdilər. Deputatlar qanun layihələrinin parlamentin plenar iclasına çıxarılması barədə qərar verdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...