Vasif Mövsümov: “Millət vəkillərinin korrupsiyaya qarşı mübarizədə yaxından iştirakına böyük ehtiyac var”-MÜSAHİBƏ

Vasif Mövsümov: “Millət vəkillərinin korrupsiyaya qarşı mübarizədə yaxından iştirakına böyük ehtiyac var”-MÜSAHİBƏ

"Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun icraçı direktoru Vasif Mövsümovun SİA-ya müsahibəsi:

- Ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işləri necə qiymətləndirirsiniz və bu istiqamətdə müsbət nəticələr varmı?

- Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində atılan addımlar 2004-cü ildən korruppsiyaya qarşı mübarizə haqqında qanunun qəbulu, sonra dövlət proqramı və 2007-ci ildə isə milli strategiyanın qəbulu ilə davam edir. Görülən tədbirlər, qəbul olunan qərarlar, bütün anti-korrupsion sənədlər mübarizə üçün istənilən şəraiti yaradır. Beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində qəbul olunan qanunları və normativ sənədləri müsbət qiymətləndirir. Lakin qanunların icrası ilə bağlı vəziyyət cəmiyyətin istədiyi kimi deyil. Bütün bunlar onu göstərir ki, korrupsiyaya qarşı mübarizə mütəmadi olaraq müxtəlif mexanizmlər əlavə olunmaqla davam etdirilməlidir. Bu proseslər davamlı olmalı və kampaniya şəklində davam etdirilməlidir. Bütün bunlara rəğmən bu gün ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan siyasətin nəticələrinə diqqət yetirsək görərik ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin son vaxtlar korrupsioner məmurlarla bağlı apardığı siyasət, korrupsionerlərin cinayət məsuliyyətinə cəlb olunmaları və bu kimi hallar təqdirəlayiqdir. Lakin istəməzdik ki, korrupsiyaya qarşı mübarizə təkcə onun nəticələrinə qarşı aparılsın. Bu həm də korrupsiyanı yaradan şəraiti aradan qaldırsın. Ölkədə korrupsiyaya qarşı mübarizənin səmərə verməsi üçün vətəndaşlar hiss etməlidir ki, onlar rüşvətsiz, korrupsiyasız bir cəmiyyətdə yaşayır. Amma təəssüflər olsun, aparılan sorğular onu göstərir ki, vətəndaşlar hələ ki bunu hiss etmirlər. Lazımi vəziyyət arzu etdiyimiz səviyyədə deyil. Bütün bunlarla yanaşı vətəndaş cəmiyyətinin bu işdə rolu danılmazdır. Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti çox mühüm rol oynayır. Burada əsas şərtlərdən bir əhalinin müqavimətinin yaranmasıdır. Bu müqaviməti yaradan isə QHT və digər qurumlardır. Vətəndaş cəmiyyəti ilə müvafiq qurumlar arasında müəyyən əlaqələrin olması ilə bağlı son illərdə atılan addımlar onu göstərir ki, əlaqələr müsbət istiqamətdə davam edir. Bu gün ölkədə QHT-lərin Antikorrupsion Şəbəkəsi mövcuddur. Artıq Baş prokuror yanında korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə memorandum imzalayıb. Fondun fəaliyyəti ondan ibarətdir ki, əhalinin ərizə və şikayətlərinə baxılması məsələlərində onlara yardımçı olur. Bu müsbət addımdır. Amma bu gün vətəndaş cəmiyyəti ilə parlament arasındakı əməkdaşlığa çox böyük ehtiyac var. Korrupsiyaya qarşı mübarizədə bütün dövlət qurumları ilə yanaşı, parlament də yaxından iştirak etməlidir. Ötən gün bu istiqamətdə Milli Məclisdə təşkil olunan dəyirmi masa müsbət bir başlanğıcdır. Əgər qəbul olunan qanunlarda, müzakirə edilən layihələrdə korrupsiya üçün bir şərait olacaqsa, deməli o qanun sonradan korrupsiyanı inkişaf etdirməyə xidmət edəcək. Ona görə də antikorrupsion ekspertiza beynəlxalq təcrübədə çox mühüm yer tutur. Belə təklif verilib ki, qəbul olunan qanunların özünün Milli Məclislə birgə anti-korrupsion ekspertizası həyata keçirilsin.

Bundan əlavə, millət vəkillərinin təmsil etdikləri rayonlarda keçirilən tədbirlərdə iştirakı arzuolunandır. Vətəndaş cəmiyyəti korrupsiyaya qarşı mübarizə, qanunların icra olunmasına ictimai nəzarət yaradır. Bu nəzarətdə millət vəkilləri də iştirak etməlidir. Millət vəkillərinin korrupsiyaya qarşı mübarizədə yaxından iştirakına çox böyük ehtiyac var.

- Bu gün ölkə parlamentində korrupsiyaya qarşı mübarizə aparmaq üçün konkret hansı yeni qanunların qəbulu və ya qanunlara əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var?

- Azərbaycan korrupsiyaya qarşı mübarizədə ən çox problemli hal korrupsiyaya qarşı mübarizədə vətəndaşların ərizə və şikayətlərinə baxılması məsələsidir. Əgər korrupsiya ilə bağlı ərizə və ya şikayətlərin baxılmasına, onların qorunmasına qanunlar rəvac vermirsə, deməli o vətəndaşın müraciəti sual altında olacaq. Artıq bundan sonra vətəndaş şikayət etməyə çəkinəcək. Beynəlxalq təcrübəyə əsasən belə bir qanunun qəbul olunmasına ehtiyac var. Korrupsiyaya qarşı mübarizədə səmərə görmək istəyiriksə, vətəndaşın müraciəti üçün şərait yaradılmalıdır. Dövlət başçısı dəfələrlə regionlardakı çıxışlarında əhalini səsləyib ki, korrupsiya ilə üzləşən vətəndaşlar müraciət etsinlər və bunlara müvafiq dövlət orqanlarında baxılsın. Amma bəzi hallarda vətəndaşa qarşı təzyiqlər olur. Vətəndaş şikayət etdiyi orqana göndərilir. Orada vətəndaşa qarşı təzyiqlər ediləndə o məcburən şikayətini geri götürür. Belə halların olmaması üçün yeni qanunun qəbul olunmasına çox ehtiyac var. Qəbul olunan qanunun işləməsi, dövlət qulluqçularının gəlirlərinin bəyan edilməsi haqqında qanun neçə illərdir qəbul olunub, amma bu gün lazımi şəkildə işləmir. Bunula bağlı Milli Məclisin fəaliyyətinə ehtiyac var. Ümumiyyətlə, Milli Məclisin potensialı böyükdür, bu qurum seçicilərlə işləyir. Vətəndaşların şikayətlərinə baxılması, onların həllində millət vəkillərinin rolu çox böyükdür.

- Bu gün əhalinin daha çox ərizə və şikayəti daha çox hansı sahələr və ya istiqamətlər üzrədir?

- Bu şikayətlər bir çox sahələr üzrə mövcuddur. Lakin son il yarım ərzində dövlət başçısının korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı tədbirlərdən sonra ən çox şikayətlər sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr, ünvanlı sosial yardımların, əlillik dərəcələrin verilməsi ilə bağlı narazılıqlardır. Bundan əlavə, məhkəmə icraatında əhalinin incidilməsi ilə bağlı çoxlu şikayətlər gəlir. Ümumiyyətlə, şikayətlərin gəlməsi bir məsələdir. Amma onların müsbət həlli məsələsi çox vacibdir. Vətəndaş tərəfindən dövlət orqanına olan şikayət o qədər də müsbət qarşılanmır və yaxud həll olunmur, nəinki QHT-lər tərəfindən. Əgər bizə hansısa müraciət gəlirsə, biz onun həllinə nail ola bilirik. Bu yaxınlarda yeni bir layihəmiz başlayıb. Bu ilkin olaraq hələ ki ölkənin 5 regionunda fəaliyyət göstərəcək. Burada əsas məqsəd vətəndaşın şikayət etməsi üçün ona hüquqi yardım göstərməkdir. Vətəndaşın bu yardımlara ehtiyacı var. Bütün əhaliyə məlumat verilib ki, onlar korrupsiya halları ilə rastlaşarkən hansı halda və necə müraciət etməlidir. Onlar bilməlidir ki, çəkinmədən öz şikayətlərini edə bilərlər. Ayrı-ayrı dövlət orqanları da bu istiqamətdə atılan addımlara dəstək verməlidir. Məsələn, ünvanlı sosial yardımları verən və ya alan, əlillik dərəcələri alan adamların siyahısı niyə bilinməməlidir? Təklif edərdim ki, kimlərə verilirsə, onların yenidən monitorinqi keçirilsin. Buraya külli miqdarda dövlət vəsiati ayrılırsa, nəyə görə, bu, kimlərsə tərəfindən yeyilməlidir.

Cəza tədbirləri olmadan buna qarşı mübarizə aparılsa, tədbirlər yarımçıq qala bilər. Cəza tədbirləri mütləq olmalıdır. Amma bununla belə şəraiti aradan qaldırılması üçün müsbət addımlar atılmalıdır və bu işlər paralel getməlidir. Bu gün vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasındakı münasibətlər daha da sıx olmalıdır. Bir var ki, dövlət orqanı bunu məcburən edir, bir də var ki, dövlət qurumu öz iradəsi kimi həyata keçirir. Hər bir nazirliyin daxili nəzarət qurumlarına daxil olan ərizə və şikayətlərin araşdırılmasında biz də iştirak etmək istərdik?

Bütün xəbərlər Facebook səhifəmizdə