Qüdrət Həsənquliyev: “Korrupsiyaya qarşı qanunlar qəbul olunmalı və bəzilərinə dəyişikliklər edilməlidir”-MÖVQE
"Korrupsiyaya qarşı mübarizə tədbirlərində vətəndaş cəmiyyətləri institutları ilə dövlət hakimiyyəti orqanlarının təmasları son dərəcə önəmlidir. Korrupsiyaya qarşı mübarizənin daha effektli aparılması isə qeyri-hökumət təşkilatlarının imkanlarından istifadə etməyə imkan verir". Bunu SİA-ya açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bununla bağlı hansısa qanunlar qəbul olunmalı və bəzilərinə dəyişikliklər edilməlidir. Millət vəkilinin sözlərinə görə, burada xalqın inkişaf, demokratikləşmə səviyyəsi və demokratik ənənələri nəzərə almalıdırlar. Azərbaycanın 20 ildir müstəqillik əldə etdiyini deyən Q.Həsənquliyev vurğulayıb ki, bəzi ölkələr bu yolu daha uzun müddətə keçiblər.
"Ona görə də bizə zaman lazımdır. Əgər biz qanunverici orqan kimi qanunların qəbulu zamanı vaxtı qabaqlasaq, bu qanunlar işləməyəcək və bugün belə qanunlar da var. Çoxlu sayda bizim qanunlarımız var ki, onların müəyyən müddəaları icra orqanları tərəfindən tətbiq olunmur və açıq şəkildə qanuna sayğısız yanaşılır, yerinə yetirilmir. Məsələn, seriallarla bağlı qəbul olunmuş qərar televiziya və radio haqqında qanuna tamamilə ziddir. Yəni, bununla televiziyanın redaksiya fəaliyyətinə müdaxilə edilir. Bundan əlavə, tələbə köçürmələri haqqında təhsil qanunu var, amma icra strukturları qanuna əməl etmir. Bəzi məsələlərin həlli üçün mütləq zaman lazımdır ki, proseslər inkişaf eləsin. 15-20 il bundan öncə Azərbaycandakı mətbuatın səviyyəsi ilə indiki səviyyəsini müqayisə etmək düzgün olmazdı. Əlbəttə, artıq bu gün müstəqil media, qeyri-hökümət təşkilatları institutlaşıb, demokratiyanın əsası formalaşıb. Əminəm ki, bu tədricən qərb standartlarına cavab verən bir cəmiyyətin qurulmasına və korrupsiyanın səviyyəsini sıfıra endirməyə imkan verəcək", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB