Əlillərin sosial müdafiəsi və reabilitasiyası işlərində QHT-lərin iştirakı təmin olunur

Əlillərin sosial müdafiəsi və reabilitasiyası işlərində QHT-lərin iştirakı təmin olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nın icrasında şəffaflığın təmin edilməsi məqsədilə Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının iştirakı təmin olunur. Nazirlikdən SİA-ya verilən xəbərə görə, "Milli Qəhrəmanların Təbliğinə Dəstək" İB Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin istedadlı uşaqlarının yaradıcılıq imkanlarının təbliğinə köməklik göstərilməsi, "Müstəqil Həyat" İnkişaf və Dəstək Mərkəzi əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar əsasında idman, incəsənət və peşələr üzrə təlimlərin keçirilməsinə yardım göstərilməsi tədbirlərində iştirak edir.

Eyni zamanda, əlillərin əmək hüquqlarının təmin edilməsi üzrə maarifləndirmə və onların əmək bazarına çıxışının təşviqinə yardım göstərilməsi tədbirlərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətin təkmilləşdirilməsi məqsədi ilə sosial işçilər üçün təlim proqramlarının hazırlanması və tətbiqinə yardım edilməsi tədbirlərində "Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi" İB-nin iştirakı təmin olunur. Bununla yanaşı, Əlil Təşkilatları İttifaqı infrastrukturun əlillərə müyəssərliyinin təmin edilməsi ilə bağlı standartların hazırlanması və tətbiqi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün texniki yardımın göstərilməsi, "Sosial Xidmətlər Təşəbbüsü" İB sağlamlıq imkanları məhdud uşaqlara səyyari xidmətlər üzrə Layihənin sınaqdan keçirilməsi və standartların hazırlanması, habelə tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsinə dair layihə ilə bağlı texniki yardımın göstərilməsi tədbirlərində iştirak edir.

Bununla bağlı olaraq, həmin qeyri-hökumət təşkilatları ilə müvafiq qaydada müqavilələr bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə