Jurnalistikanın hüquqi inkişafı ilə bağlı təlimlərə başlanıb

Jurnalistikanın hüquqi inkişafı ilə bağlı təlimlərə başlanıb

Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər" adlı layihənin icrasına başlayıb. İctimai Birlikdən SİA-ya verilən xəbərə görə, layihənin əsas məqsədi ali məktəblərdə media və informasiya-kommunikasiya azadlıqları, internet jurnalistikası üzrə müasir beynəlxalq və milli hüquq normaları barədə maarifləndirmə tədbirlərinin təşkili ilə ölkəmizdə təhsilin və müasir media mədəniyyətinin inkişafına ictimai dəstək verməkdir. Eyni zamanda, layihə üzrə "Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi" kitabının (dərs vəsaitinin) çap olunaraq jurnalistika ixtisaslı tədris ocaqlarında və geniş ictimaiyyət arasında yayımı da nəzərdə tutulur.

Layihə çərçivəsində media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə Azərbaycan Universitetində "Müasir jurnalistika, informasiya-kommunikasiya strategiyaları və KİV-in inkişafına dair beynəlxalq və milli hüquq normaları: müqayisəli təhlillər və modernləşmə istiqamətləri" mövzusunda ilk seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Füzuli Məcidli müasir Azərbaycan jurnalistikasının modernləşməsinə xidmət edən layihə üzrə qarşıya qoyulan hədəflərdən danışıb, informasiya-kommunikasiyalarının, internetin, elektron medianın ictimai fikrin formalaşmasında və dövlətin möhkəmlənməsində xüsusi rolunu nəzərə alaraq, bu sferada hüquqi öhdəliklərin, beynəlxalq və milli qanunvericilik normalarının müqayisəli araşdırılması və öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Tədbirdə müasir jurnalistikada və milli media qanunvericiliyində mövcud olan diffamasiya, internet hüququ, şərəf və ləyaqətin müdafiəsi, şəxsi həyatın mühafizəsi ilə bağlı yeni transmilli anlayışlar barədə tələbələrə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə