Vaşinqtonda keçirilən İslam mədəniyyəti yarmarkasında Azərbaycan mədəniyyəti təqdim olunub

Vaşinqtonda keçirilən İslam mədəniyyəti yarmarkasında Azərbaycan mədəniyyəti təqdim olunub

ABŞ-ın Vaşinqton şəhərindəki İslam Mərkəzində "Müsəlman Qadınlar Cəmiyyəti"nin təşkilatçılığı ilə müsəlman tələbə qadınların təhsil xərclərinin bir qisminin ödənilməsi məqsədilə təsis olunan təqaüd fondu yararına ənənəvi yarmarka keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən SİA-ya verilən məlumatda deyilir ki, yarmarkada Bəhreyn, Pakistan, Misir, Banqladeş, Mərakeş, Livan və s. müsəlman dövlətlərinin ölkədəki nümayəndəlikləri, eləcə də diaspor üzvləri yerli və xarici turistlərə ölkələrinin mədəniyyət və tarixini tərənnüm edən müxtəlif hədiyyələr paylamış, hazırladıqları təamları təqdim ediblər. Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi də bu tədbirdə iştirak edib və səfirliyin xanım əməkdaşları ölkəmizin tarixi, təbiəti və mədəniyyəti, xüsusən musiqi və xalçaçılıq ənənələrinə dair müxtəlif kitabça, disk və suvenirlər paylayıb, yarmarkaya gələnlərin ölkəmiz haqqında maraq doğuran suallarını cavablandırıblar. ABŞ-ın Vaşinqton şəhərində Avropa İttifaqı və müsəlman dövlətləri tərəfindən keçirilən bu silsilə tədbirlərdə yerli icma üzvləri və şəhərin qonaqları üçün Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradılmış, Azərbaycan mədəniyyəti öz rəngarəngliyi ilə yarmarkanın ən yadda qalan guşələrindən biri olub.

Məlumat üçün bildirək ki, "Müsəlman Qadınlar Cəmiyyəti" 1960-cı ildə əsası ABŞ-ın Vaşinqton şəhərində qoyulan qeyri-hökumət, qeyri-siyasi təşkilat olub məqsədi müsəlman dünyasının mədəniyyətini Amerika cəmiyyətində paylaşmaqdır. Hal-hazırda cəmiyyətin sədri İndoneziyanın ABŞ-dakı səfirinin həyat yoldaşı xanım Roza Ray Cəlaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə