Milli Məclisdə İsrail parlamentinin deputatları ilə görüş keçirilib

Milli Məclisdə İsrail parlamentinin deputatları ilə görüş keçirilib

Milli Məclisdə İsrail parlamentinin deputatları Orit Zuares və Fania Kirşenbaum Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Azərbaycan tərəfindən qrupun rəhbəri Yevda Abramov qonaqları salamlayaraq, onları parlamentdə görməyindən məmnun olduğunu bildirib.

Millət vəkili Milli Məclisin tərkibi, qanunvericilik fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. O, ölkələrimiz arasında strateji əməkdaşlığın mövcudluğunu qeyd edərək, enerji, kənd təsərrüfatı, tibb sahələrində əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Deputat iki dövlət arasında ticarət dövriyyəsinin 4 milyard ABŞ dolları həcmində olduğunu xatırladaraq bu göstəricinin daha da artacağına inamını ifadə edib. Yevda Abramov ölkəmizdə yəhudilər üçün yüksək şəraitin yaradıldığını, dövlət səviyyəsində diqqətin olduğunu bildirərək, son beş ildə burada iki sinaqoqun açıldığını qonaqların diqqətinə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən Orit Zuares Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu söyləyib. O, ölkəmizin İsraillə sıx əməkdaşlıq edən müsəlman dövləti olmasını xüsusi qeyd edib. Qonaq mövcud əlaqələrin kənd təsərrüfatı, enerji və digər sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən xüsusi məmnunluq ifadə edilib.
Deputatlarımız Azərbaycanda irqindən, dinindən və cinsindən asılı olmayaraq bütün insanların hüquqlarının qorunduğunu bununla da ölkəmizin dünyaya nümunə ola biləcəyini söyləyiblər, Azərbaycan-İsrail əlaqələrinin inkişafında diasporaların rolunu xüsusi vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə