Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkədə rəsmi səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, sədr qonaqları səmimi salamlayaraq bildirib ki, Azərbaycan onun dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi Bolqarıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Qeyd edilib ki, Bolqarıstanla strateji əlaqələrin dərinləşməsi xalqlarımızın ümumi mənafeyinə xidmət edir. Hələ sovet dövründə Azərbaycanla Bolqarıstan arasında elm, təhsil, mədəniyyət sahələrində sıx əlaqələr qurulub. Ölkə müstəqillik əldə etdikdən sonra bu əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Spiker vurğulayıb ki, münasibətlərimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır. Ölkələr arasında imzalanan 40-dan çox sənəd əlaqələrimizin hüquqi bazasını təşkil edir. Biz müvəffəqiyyətlə davam etdirilən siyasi dialoqun iqtisadi sahəyə də öz müsbət təsirini göstərəcəyinə inanırıq. Heç də təsadüfi deyildir ki, 2005-ci illə müqayisədə ötən il ölkələrimizarası ticarət dövriyyəsinin həcmi dörd dəfə artıb. Bu rəqəmin gələcəkdə yüksələcəyinə şübhə etmirik. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi sisteminə öz töhfəsini verməkdədir. Biz Avropa dövlətləri ilə təkcə enerji deyil, iqtisadiyyatın digər sahələrində də əməkdaşlığımızı dərinləşdirmək niyyətindəyik.Söhbətdə Spiker dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayaraq deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb. Hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib. Bildirilib ki, nüfuzlu beynəlxalq qurumlarda deputatlarımız tez-tez görüşür, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparırlar.
Spiker sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olduğunu söyləyərək deyib ki, münaqişənin həllinin uzanması bölgənin, o cümlədən Avropanın təhlükəsizliyini təhdid edir. Qeyd edilib ki, biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, dünya birliyinin, o cümlədən Bolqarıstanın obyektiv mövqeyi və səyləri nəticəsində münaqişə tezliklə öz məntiqi həllini tapacaq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoq əməkdaşlığımızın digər sahələrinə də öz təsiri göstərməkdədir. Bolqarıstan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Enerji, turizm, mədəni sahələrdə əlaqələrimiz günbəgün dərinləşməkdədir.
Biz parlamentlər səviyyəsində əməkdaşlığımızın möhkəmlənməsini önəmli hesab edirik. Zənnimizcə, bu sahədəki müvəffəqiyyətlər dövlətlərarası münasibətlərin daha da güclənməsinəxidmət edəcək.
Qəbulda Bolqarıstanın Milli Məclislə dostluq qrupunun rəhbəri Remzi Osman və Azərbaycan tərəfdən qrupun rəhbəri Siyavuş Novruzov çıxış edərək dostluq qruplarının fəaliyyəti barədə öz fikirlərini bölüşüblər.
GörüşdəMilli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Bolqarıstandakı səfiri Emil Kərimov və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB