Türkiyədə yaşayan azərbaycanlılar İran səfirliyinin qarşısında piket keçiriblər
Türkiyədə yaşayan azərbaycanlılar İran İslam Respublikasının Ankaradakı səfirliyinin qarşısında piket keçiriblər. Ankaranın mərkəzində toplaşan aksiya iştirakçıları əllərində Türkiyənin və Azərbaycanın bayraqlarını tutaraq şəhərin Tehran prospektində yerləşən İran səfirliyinə yürüş ediblər.
Aksiya iştirakçıları İranın müsəlman ölkəsi olmasına baxmayaraq, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana dəstək verməsinə etiraz bildiriblər. Onlar İran hökumətinin fəaliyyətini kəskin tənqid edib, müxtəlif şüarlar səsləndiriblər. Aksiya iştirakçıları bildiriblər ki, İranın Azərbaycana qarşı bu cür münasibəti yolverilməzdir və islam dininin qaydalarına ziddir.
Etirazçılar Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etməsini İran və Ermənistan hökumətləri tərəfindən qısqanclıqla qarşılanmasını da kəskin tənqid edib0lər.
Aksiyanın sonunda qətnamə oxunub. Qətnamədə İranın Azərbaycana qarşı qərəzli mövqedə olması, Ermənistanla dostluq əlaqələri qurması qeyd olunub.
Qətnamədə deyilir: "İran hakimiyyəti Azərbaycanın əldə etdiyi uğurları görmək istəmir. İndiyə qədər bir dəfə də olsun Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımını dilinə gətirməyən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejat Ermənistana səfəri zamanı qondarma erməni soyqırımı abidəsinin qarşısına əklil qoymuşdur".
Sonda aksiya iştirakçıları Azərbaycanın və Türkiyənin dövlət himnlərini oxuyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB