Yol mədəniyyətdir - FOTOLAR

Deyirlər, mədəniyyət yoldan başlayır. Yollar rahat, gözoxşayan, hamar və səliqəli olanda insan həqiqətən rahat olur. Təsadüfi deyil ki, son vaxtlar prezident İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri, diqqət və qayğısı nəticəsində respublikamızda yeni yollar və körpülər salınır, abadlaşdırılır, bərpa edilir. Ölkəmizdə müasir tələblərə cavab verən infrastrukturun qurulması, sürücülərin və sərnişinlərin rahatlığı üçün yeni yolların salınması, piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün yeraltı və yerüstü keçidlər istifadəyə verilməsi Azərbaycana gələn əcnəbiləri heyrətləndirməkdədir. Bu sırada əcnəbilərin təəssüratlarında müsbət halların daha çox olması üçün sürücü-piyada mədəniyyətinin yüksəldilməsinə ciddi ehtiyac var.

Düzdür, mədəniyyət insanın daxilindən gələn etik hərəkətdir. Əfsuslar olsun ki, bu gün biz bu mədəniyyəti bəzi sürücülərimizdən görə bilmirik. Gündəlik olaraq respublikamızda baş verən ağır yol qəzaları və ölüm hadisələri məhz sürücülərin və piyadaların diqqətsizliyi nəticəsində baş verir. Bu cür halların qarşısını almaq məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə əsasən sürücülərə və piyadalara qarşı cəza tədbirlərinin sərtləşdirilməsi bəzi sükan sahiblərinin və piyadaların ürəyincə olmadığını desək yanılmarıq. Aparılan araşdırılmalardan belə qənaətə gəlmək olar ki, ancaq qayda pozmağı üstünlük verən şəxslər cərimələrin məbləğinin artırılması ilə razı deyillər və bundan nəticə çıxarmaq istəmirlər. Əgər sürücü avtomobili normal idarə və qanunlara riayət edirsə, eyni zamanda piyada yol nişanlarına riayət edərək yolun bir tərəfindən o biri tərəfə keçərsə onun cəzalardan nə narahatçılığı ola bilər ki? Sükan arxasında oturan hər bir sürücü düşünməlidir ki, cəzaların ağırlaşdırılması həm özlərinə, həm də birbaşa sadə vətəndaşların mənafeyinə uyğundur. İnsanlar bu qaydalara olduğu kimi riayət etsələr, heç bu inzibati tənbeh tədbirlərinə də ehtiyac qalmaz.

Ümid edirik ki, dövlət tərəfindən görülən bütün bu tədbirdən sürücülərimiz və piyadalarımız düzgün nəticə çıxararaq, qayda qanunlara riayət edərək, ailə və uşaqlarınız gözü yolda qoymazlar.

Bütün xəbərlər Facebook səhifəmizdə