Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığının parlamentlərarası əlaqələri inkişaf edir

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 4-dən 8-dək Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olub. SİA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Sahibə Qafarova, İmamverdi İsmayılov, Çingiz Əsədullayev, Aydın Mirzəzadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.

Milli Məclisin Sədri Oqtay Əsədovun ilk görüşü Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Şeyx ilə oldu. Rəsmi səfərə dəvətinə və bu səfərin yüksək səviyyədə keçməsi üçün nümayəndə heyətinə yaratdığı hərtərəfli şəraitə görə təşəkkürünü bildirən Oqtay Əsədov bu cür səfərlərin dost və qardaş xalqlarımız arasında mövcud olan münasibətləri daha da dərinləşdirəcəyinə əmiliyini ifadə edib. Bildirib ki, Azərbaycan rəhbərliyi Səudiyyə Ərəbistanı Krallığı ilə qarşılıqlı əlaqələrin inkişafına hər zaman böyük önəm verir. 2005-ci ilin mart ayında Prezident İlham Əliyevin bu ölkəyə etdiyi rəsmi səfər və yüksək səviyyəli rəsmi səfər zamanı imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin inkişafında mühüm rol oynayıb. Parlamentlərarası əlaqələrimizin inkişafından danışan Oqtay Əsədov deputatlarımızın bir sıra beynəlxalq parlament təşkilatlarında xüsusi ilə də İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı çərçivəsində yüksək səviyyədə əməkdaşlıq etdiklərini söyləyib. Qeyd olunub ki, qardaş Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin üzvləri Ermənistanın ölkəmizə təcavüzünü hər zaman pisləyir, iştirak etdiyimiz bütün beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir. Sədr bildirib ki, bu ilin yanvar ayında İndoneziyada keçirilən İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı Xocalı Soyqırımına dair qətnamə qəbul edib və üzv dövlətlərin parlamentlərini Xocalı hadisələrini soyqırım kimi tanımağa çağırıb. Artıq Pakistan Senatı da Xocalı hadisələrini soyqırım kimi tanıyaraq qəbul edib. Analoji addımın qardaş Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisi tərəfindən də atılmasını arzu edərdik. Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Sədri Abdullah Al Şeyx Azərbaycan parlament nümayəndə heyətini öz ölkəsində görməkdən məmnun olduğunu söyləyib. Belə bir inam ifadı edib ki, parlamentlərimiz arasında inkişaf etməkdə olan münasibətlər ölkələrarası əlaqələrin inkişafına töhfələr verəcək və bu əlaqələr hərtərəfli xarakter daşıyacaq. Şura Məclisinin Sədri 2010-ci ilin yayında Azərbaycana səfərini məmnunluqla xatırladıb və qeyd edib ki, bu cür səfərlər ölkələrimiz və xalqlarımız arasında münasibətlərin, eyni zamanda parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyətli rol oynaya bilər.

Azərbaycanın üzləşdiyi ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini söyləyən Şura Məclisinin sədri qeyd edib ki, onun ölkəsi bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da onun haqq işini bütün səviyyələrdə müdafiə edəcək. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevi dünya miqyaslı bir şəxsiyyət kimi xarakterizə edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını bütün bəlalardan və çətinliklərdən xilas edib onu inkişaf və tərəqqi yoluna çıxarıb. Bunu bütün dünya bilir. Şura Məclisinin sədri qeyd edib ki, Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev bu gün dünyaya yeni, müasir və daim inkişafda olan Azərbaycan təqdim edir. Bu, beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir.
Görüşdən sonra Azərbaycan parlament nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin İnzibati binası ilə tanış olub, Şura Məclisinin iclasında iştirak edib. Oqtay Əsədov Krallığın dövlət televiziyasına müsahibə verib.
Milli Məclisin sədri Oqtay Əsədovun növbəti görüşü Vəliəhd Əmir Nayif bin Əbdüləziz Al Səud ilə olub. Görüşdə bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu cür səfərlər və görüşlər Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafında önəmli rol oynayır. Səudiyyə Ərəbistanı bütün dünya müsəlmanlarının görüşdüyü məkandır. Azərbaycan xalqının qəlbində bu torpağın xüsusi yeri vardır. Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətləri davamlı olaraq inkişaf etdirmək xarici siyasətimizin prioritetlərindəndir. Hökumətlərimiz iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq edirlər. Bu cür qarşılıqlı görüşlər gələcəkdə əməkdaşlığımızın daha da intensivləşməsində önəmli rol oynaya bilər. İqtisadi göstəricilərimiz arzuedilən səviyyədə olmasa da, bu göstəriciləri yüksək həddə çatdırmaq üçün hər iki ölkə geniş imkanlara malikdir. Son zamanlar Səudiyyə Ərəbistanı və Azərbaycanın investorlarının qarşılıqlı fikir mübadilələrinin həyata keçirməsinin şahidi oluruq. Bunu ölkələrimiz arasında iqtisadi münasibətlər sahəsində inamlı əməkdaşlığın uğuru kimi qiymətləndirmək olar.


Vəliəhd Azərbaycanda həyata keçirilən quruculuq işlərindən məlumatlı olduqlarını bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu layiqincə qiymətləndirib. Qeyd edib ki, bu gün Azərbaycan dünya birliyində layiqli yer tutur və nüfuz sahibinə çevrilib. O, Prezident İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib.


Milli Məclisin sədri Oqtay Əsədovun Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirinin müavini Şahzadə Əbdüləziz bin Abdullah bin Əbdüləzizlə görüşündə də ikitərəfli münasibətlərimiz bir sıra istiqamətlərdən müzakirə olunub. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı bütün Yaxın və Orta Şərqdə böyük siyasi və iqtisadi əhəmiyyətə malik olan bir dövlətdir. Ölkələrimiz arasında çox sıx dostluq əlaqələri var. Bu cür qarşılıqlı səfərlər əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. İkitərəfli münasibətlərimizin inkişaf dövrü Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərindən sonra başlayıb. Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan hər zaman eyni mövqedən çıxış edərək beynəlxalq sülhə və ədalətə dəstək verir. Dövlətlərimiz BMT və İslam Əməkdaşlığı Təşkilatı kimi beynəlxalq qurumlarda sıx əməkdaşlıq edir və daim bir-birini dəstəkləyir. İƏT-in Dövlət və Hökumət başçıları 2014-cü ildə 13-cü Konfransına toplaşacaq və Azərbaycan bu konfransa ev sahibliyi etmək niyyətindədir. Bu məqsədlə gələcəkdə keçirilən seçkilərdə dost və qardaş Səudiyyə Ərəbistanının Azərbaycanın namizədliyini dəstəkləməsi arzu edilib. Azərbaycan parlament nümayəndə heyətinin Səudiyyə Ərəbistanında keçirdiyi hər bir görüş həqiqətən də yadda qalan olub. Bu görüşlərdə aparılan söhbətlərin mövzusu, müzakirə olunan məsələlərin əhəmiyyəti, belə bir qənaətə gəlməyə əsas verir ki, hər iki ölkə bir-birinə dost və qardaş münasibətlərdədir. Və hər iki tərəf bu münasibətləri bütün istiqamətlərdə inkişaf etdirmək əzmindədir.
Bütün görüşlərdə Azərbaycanın müstəqillik illərində xüsusi ilə son dövrlərdə əldə etdiyi uğurlara Səudiyyə Ərəbistanı Krallığının böyük hörməti və sevinci hiss olunub. Bu isə təbii ki, Azərbaycan parlament nümayəndə heyətinin hər bir üzvündə fərəh və qürur hisləri yaradırdı. Azərbaycanın 2012-ci 2013-cü illər üçün BMT təhlükəsizlik şurasına qeyri-daimi üzv seçilməsi, 2009-ci ildə Bakı şəhərinin "İslam Mədəniyyətinin Paytaxtı" elan edilməsi və bu kimi Azərbaycanın digər uğurları dönə-dönə vurğulanırdı və ölkəmizin daha parlaq gələcəyinə inam ifadə olunub. Bu və ya digər məsələlər hər iki tərəfdən olan parlament dostluq qruplarının üzvləri arasında keçirilən görüşdə də müzakirələrin ön planında dayanıb. Görüşdən öz məmnunluqlarını ifadə edən parlamentarilər bu cür görüşlərin daha intensiv xarakter almasını, ikitərəfli münasibətlərə yeni-yeni töhfələr verilməsini vacib sayıblar.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bu ölkədə müsəlman aləmi üçün çox müqəddəs olan məkanları ziyarət ediblər, tarixi yerlərə baxıblar. Məkəyyi-Mükərrəməyə gediş, ora ilə tanışlıq və ən başlıcası ümrə ziyarətini yerinə yetirmək nümayəndə heyətinin hər bir üzvü üçün tarixi bir hadisəyə çevrilib. Mədinə şəhərində olmaq və oradaki Peyğəmbər məscidini ziyarət etmək təbii ki, hər bir müsəlmanın müqəddəs arzularından biridir. Bu arzunun həyatda reallığa çevrilməsi nümayəndə heyətinin hər bir üzvünü məmnun edib. Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı Azərbaycan parlament nümayəndə heyəti Kral Səud adına Universitetdə, Kral Əbdüləziz adına Tarix Mərkəzində, eləcə də, nəinki müsəlman dünyasında ümumilikdə beynəlxalq ələmdə həm siyasi həm də iqtisadi nüfuzuna görə seçilən ölkələrdən olan Səudiyyə Ərəbistanı Krallığının keçmişini və bu gününü özündə əks etdirən bir çox müqəddəs yerlərdə olub. İnanırıq ki, bu səfər və bu səfər zamanı keçirilən görüşlər, həyata keçirilən ziyarətlər, ümumilikdə bu ölkə ilə tanışlıq uzun illər yaddaşlardan silinməyəçək, iki ölkə arasında olan münasibətlərin daha da inkişafında mühüm rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...