Korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı müzakirə edildi

Korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı müzakirə edildi

Bu gün Milli Məclisdə "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə birgə korrupsiyaya dair dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müzakirələr aparılıb.

Tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin, dəyirmi masaların yekunu kimi təşkil olunub.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərov mövcud və nəzərdə tutulan hüquqi təşəbbüslər barədə danışıb. O bildirib ki, 2000-ci ildən etibarən korrupsiyaya qarşı mübarizə ilə bağlı normativ-hüquqi bazanın yaradılması, təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Onun sözlərinə görə, ölkədə qanunvericiliyin təkmilləşdirilməsi üzərində müvafiq işlər həyata keçirilir. O bildirib ki, korrupsiya həm varlı, həm də kasıb ölkələrə xas olan bir xəstəlikdir: "Korrupsiya bir virusdur və bizə kənardan ixrac olunub. Ancaq bizdə buna qarşı ciddi mübarizə tədbirləri aparılır. Həm də bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi üzərində işlər görülür".

Tədbirin davamında çıxış edən "Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazann inkişafı ilə bağlı danışıb. O, bu sahədə bir çox əlavə qanunların hazırlanmasına ehtiyac duyulduğunu deyib. Ə.Nuriyev qeyd edib ki, qanunlarla bağlı ictimai dinləmələri genişləndirmək, həmçinin, qanun layihəsinin hazırlanması prosesinə vətəndaş cəmiyyətinin nümayəndələrini cəlb etmək lazımdır. Dövlət qulluğunda çalışan məmurların imtiyazlarının o qədər də yetərli olmadığını deyən o vurğulayıb ki, "Dövlət Qulluğu Haqqında Qanun"a ciddi dəyişiklik etməyə ehtiyac var.

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin sədri Rəna Səfərəliyeva isə dəyirmi masada müzakirə edilən qanunvericiliklə bağlı ümumi tövsiyələr səsələndirib. Tədbirin sonunda qərara gəlinib ki, Azərbaycanda korrupsiyaya qarşı normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən səsləndirilən təkliflər yazılı qaydada Milli Məclisə göndərilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə